Metrodakı bu vəziyyətlə bağlı - Rəsmi açıqlama

Metronun “Xətai” stansiyasının qarşısında bir müddətdir sıxlıq yaşanır.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə görüntülər yayılıb. Sərnişinlər səbəb kimi uzun illərdir sözügedən istiqamətdə qatarlararası intervalın 10 dəqiqə müəyyənləşdirilməsini göstərir. Bildirilir ki, hazırda şəhərin həmin ərazisində məskunlaşma artıb və bu interval həmin stansiyadan istifadə edən əhali sayına uyğun deyil.

Problemlə bağlı “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədovla əlaqə saxladıq. O, sorğumuza cavab olaraq bildirdi ki, platforma səviyyəsində ifrat yüklənməyə yol verilməməsi, sərnişinlərin platformaya nizamlı daxil olması və digər məsələlər xüsusi olaraq nəzərə alınır. Sözügedən stansiyada müxtəlif günlərdə sərnişin axınından asılı olaraq orada müxtəlif vəziyyət müşahidə oluna bilər.

Qatarların arasındakı intervalın azaldılmasına gəlincə isə qurum rəsmisi bildirib ki, hazırda stansiya yolunda təmir işləri getdiyindən interval mövcud vəziyyətə uyğundur: “Orada qatarlar məkiş, yəni o baş-bu baş prinsipi ilə işləyir. Xətlər ayrılandan sonra həmin sahədə minimal intervalın tətbiqindən danışa bilərik. Hazırda Cəfər Cabbarlı stansiyasının bir yolunda təmir işləri aparıldığından interval mövcud vəziyyətə uyğundur. Təmir işləri başa çatandan sonra intervalın sərnişin axınından, onun dinamikasından və digər məsələlərdən asılı olaraq azaldılması nəzərdə tutulub.

Hazırda Cəfər Cabbarlı stansiyasının bir yolunda təmir işləri davam edir. Bu ilin sonuna qədər stansiyada qaba inşaat adlandırdığımız mərhələ başa çatdırılacaq. Gələn il üzləmə, infrastrukturla bağlı yeniliklər də daxil olmaqla qurulma və metropolitenin normativ tələblərinə uyğun təmin olunması ilə bağlı işlər həyata keçiriləcək”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ