Sosial şəbəkələrdə Gəncə şəhərində yol hərəkəti qaydalarını pozan avtomobilin sürücüsünün yol polisinə müqavimət göstərməsinin videosu yayılıb.
“Qafqazinfo” xəbər verir ki, görüntülərdə gecə saatlarında avtomobilin yolun əks hərəkət zolağına çıxması və 2 DYP avtomobilinin onu təqib etməsi əks olunub. Bildirilib ki, yol polisi avtomobili saxlamaqda çətinlik çəkib.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov sorğumuza cavab olaraq bildirib ki, həmin şəxs hadisə vaxtı sərxoş halda olub: “Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları inzibati ərazilərində yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi istiqamətində xidmət aparan zaman “VAZ” markalı avtomobilin sürücüsü yol hərəkəti qaydalarını pozduğuna görə saxlanılıb.
Bu zaman sürücünün sərxoş olması barədə əsaslı şübhələr yarandığına ona müayinədən keçməli olduğu bildirilib. Lakin sürücü polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq hadisə yerindən yayınmağa çalışıb. Polis əməkdaşlarının qətiyyətliliyi və çevikliyi nəticəsində sürücü saxlanılıb. Avtomobil mühafizə olunan duracağa yerləşdirilib, sürücü barəsində tabe olmadığına və sərxoş halda avtomobil idarə etdiyinə görə barəsində inzibati protokol tərtib edilərək məhkəməyə göndərilib”.