Azərbaycan İtaliyadan helikopterlər alacaq - Memorandum imzalandı

Noyabrın 14-də Birləşmiş Ərəb Əmirliklərində keçirilən “Dubai Air Show 2023” sərgisi zamanı Azərbaycan Respublikası aviasiya şirkətlər qrupu “Aviation Services Group” (ASG) və İtaliyanın helikopter istehsalçısı olan “Leonardo” şirkəti arasında yeni nəsil helikopterlərin alınması barədə danışıqlar və əməkdaşlığın strateji istiqamətləri və perspektiv planları müzakirə edilib.

Müzakirələrin nəticəsi olaraq, “ASG Helicopter Services” MMC və “Leonardo” şirkətinin Xəzər regionu üzrə təmsilçisi “Exclases Group” şirkəti arasında “Leonardo” şirkəti tərəfindən istehsal olunan 3 (üç) ədəd yeni nəsildən olan “Agusta Westland 189” tipli müasir helikopterlərin alınması barədə Memorandum imzalanıb. Tərəflər arasında əldə edilən razılaşmaya əsasən, növbəti 2 (iki) il ərzində beynəlxalq aviasiya standartlarına və uçuşların təhlükəsizliyi tələblərinə uyğun, ən qabaqcıl avadanlıqlarla təchiz edilmiş 2 (iki) ədəd AW 189 tipli hava gəmisi və sonradan əlavə 1 (bir) ədəd eyni tipli hava gəmisinin alınması nəzərdə tutulur.

Memorandumun imzalanması “ASG Helicopter Services” MMC-nin baş direktoru Azər Sultanov və “Exclases” şirkətinin İcraçı direktoru Paul Ploshansky tərəfindən həyata keçirilib və təntənəli mərasimdə “ASG” şirkətlər qrupunun prezidenti Teymur Məmmədov, “Leonardo” şirkətinin Avropa, Yaxın Şərq və Afrika üzrə satış üzrə baş vitse-prezidenti Andrea Mirteto, “Leonardo” şirkətinin Xəzər regionu üzrə təmsilçisi “Exclases Group” şirkətinin Azərbaycan və Gürcüstan üzrə Satış direktoru Fuad Şabanov  və digər rəsmi şəxslər iştirak ediblər.

Razılaşmaya əsasən, təchiz ediləcək yeni hava gəmiləri “ASG Helikopter Services” MMC şirkətinin hava gəmiləri parkını genişləndirərək, şirkət tərəfindən Azərbaycan Respublikasında və Xəzər dənizi hövzəsində fəaliyyət göstərən neft şirkətlərinə göstərilən aviasiya xidmətlərinin keyfiyyətinə, personal, sərnişin və yük aviadaşımalarının təhlükəsizliyinə böyuk töhfə verəcək.

“ASG Helikopter Services” MMC şirkəti 15 il ərzində fəaliyyət göstərərək Xəzər regionunun Helikopter xidmətləri sahəsində ən mühüm və ən müasir aviasiya müəssisəsidir. Şirkətin hava gəmiləri parkında Amerikanın Sikorsky S92, İtaliyanın AW139 və AW 109 tipli, Fransanın Airbus Helicopters AS-332L1, Russiyanın Mi tipli helikopterləri istismar edilir.

Aviaşirkətin əsas fəaliyyəti Xəzər dənizində yerləşən neft platformalarına personal, sərnişin və yüklərin daşınmasıdır. Eyni zamanda şirkət Helikopter xidmətləri sahəsində müxtəlif xidmətlər və əməliyyatları aparır, o cümlədən axtarış-xilasetmə, tibbi təxliyyə, hava məkanından çəkiliş, fərdi xüsusi turist daşımaları, xarici aslıqanla daşınmalar, və s. şirkət təhlükəli yüklərin daşınması üzrə sertifikata malikdir.

Eyni zamanda EASA (Avropa Mülkü Aviasiya Agentliyi) tərəfindən verilən sertifikata əsasən (Part 145 təşkilatı) “ASG Helikopter Services” MMC parkında olan bütün hava gəmilərinə tam texniki xidmətlərin göstərilməsini təmin edir, “Leonardo” şirkəti tərəfindən avtorizə edilmiş servis mərkəzi (Authorization Service Center) Sertifikatına layiq görülüb və 2021-ci ildən bu sertifikatın sahibidir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ