Fazil Mustafa: Azərbaycan vətəndaşının bir qiyməti yoxdur

"Azərbaycan vətəndaşının bir qiyməti yoxdur. Bu, yəhudi deyil, qazax deyil, özbək deyil, koreyalı deyil. Bu, Azərbaycan vətəndaşıdır. Dövlət qurumlarımızdan Azərbaycan vətəndaşına ideal bir münasibətmi gözləyirsiniz. Səfirin durub Azərbaycan vətəndaşı üçün fədakarlıqmı edəcəyini düşünürsünüz? Azərbaycan vətəndaşına dəyər verən yoxdu. Ki indiki məqamda da Xarici İşlər Nazirliyi, Diaspor Komitəsi, səfirlik bəyanat versin”.

Buta.media xəbər verir ki, bunu Bakupost.az-a açıqlamasında Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa deyib. 

O, Rusiyada fəaliyyət göstərən azərbaycanlı jurnalist Fuad Ababsovun müdafiəsiz qaldığını bildirib. 
 
Deputatın sözlərinə görə, Azərbaycan vətəndaşını Rusiyada terrorçu kimi tutublar: "Təsəvvür edin, Zori Balayanı milli ədavəti qızışdırma adıyla tutsaydılar, Ermənistanda nə baş verərdi? Söhbət ondan gedir ki, vətəndaşımızın dəyəri yoxdur. Bir vətəndaşımızın gözünü sındırandan sonra kim çıxacaq Rusiyada debatlara, Qarabağ davasını kim aparacaq? Hamı arxa planda qəhrəmanlıqdan danışır”.
 
F.Mustafa bildirib ki, Azərbaycanda haqqında xoş söz deməsi üçün xaricilərə milyonlar xərcləyirik, ancaq bunu təmənnasız edən öz insanımıza sahib çıxmırıq: "Bir Fuad Abbasovun ev problemi nədir ki, onu bir nəfər azərbaycanlı həll edə bilmədi. Qızlara, restoranlara, barlara, ən şərəfsiz işlərə pul xərcləyirlər, ancaq orda Qarabağ üçün, Azərbaycanın mövqeyini müdafiə edən biri üçün iş görmürlər”. 
 
Deputat deyib ki, ermənilərə qarşı Rusiyada mövqe qoyan bir həmyerlimizə belə münasibətə reaksiya verilməsə, bundan sonra heç kim orada ölkəmizin mövqeyini müdafiə etməyəcək: "Biz Rusiyayla savaşmırıq ki. Əgər Rusiya polisi belə tərbiyəsizdisə, bunu öz vətəndaşına da eləsin. Azərbaycan vətəndaşının bir günahı varsa, tut, məhkəmə cəzasını versin. Yoxsa bu təhqiramiz münasibət nədir axı?! Bir jurnalisti, ziyalını terrorist kimi həbs edirlər. Buna ən azı bir bəyanat, nota verilməlidir”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ