Sumqayıtda silahlı hücumda yaralananların vəziyyəti açıqlandı

Sumqayıtda oktyabrın 28-də baş verən silahlı hücumda yaralananların vəziyyəti açıqlanıb.

Sumqayıt Tibb Mərkəzi İctimaiyyətlə əlaqələr bölməsindən “Qafqazinfo”ya verilən məlumata görə, Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasının Travmatologiya şöbəsində müalicə alan 1990-cı il təvəllüdlü Etibar Sarıyev ambulator müalicə üçün evə buraxılıb.

Cərrahiyyə şöbəsində müalicəsi davam etdirilən 1958-ci il təvəllüdlü Mehman Sarıyevin vəziyyəti kafi, Travmatologiya şöbəsində müalicə alan 1960-cı il təvəllüdlü Tərlan Fərəcovanın  vəziyyəti isə stabil qiymətləndirilir.

Qeyd edək ki, hadisə Sumqayıt şəhəri Corat bağları yaşayış massivində qeydə alınıb. Silahlı hücum nəticəsində Dağbəyi Fərəcov və onun qızı Suzana Karakaş güllə yaralarından vəfat edib. Suzananın həyat yoldaşı Serkan Karakaş və anası Tərlan Fərəcova isə güllə yarası alıb.

Qonşuluqda yaşayan və polis şöbəsində sahə müvəkkili vəzifəsində çalışan Etibar Sarıyev və atası Mehman Sarıyev də səs-küyə çıxaraq qonşularına kömək etmək istəyib. Bu zaman onlar da xəsarət alıb. 

Qətlə yetirilən Suzananın həyat yoldaşı Serkan Karakaş Bakıda özəl xəstəxanalardan birinə aparılıb. 

Cinayət hadisəsini törətməkdə şübhəli bilinən 1987-ci il təvəllüdlü Tağıyev Müşviq Məhəmməd oğlu saxlanılıb. 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ