Azərbaycanda taksi avtomobilləri yalnız üç rəngdə olacaq - MÜHÜM QƏRAR

Baş nazir Novruz Məmmədov Bakı şəhərində sərnişindaşımada istifadə olunan avtobuslara və taksi minik avtomobillərinə, eləcə də onların sürücülərinə, avtobuslar üçün dayanacaq məntəqələrinə və taksi minik avtomobilləri üçün duracaq yerlərinə dair tələbləri təsdiqləyib.

 

Buta.media-nın məlumatına görə, müvafiq qərar Nazirlər Kabinetinin rəsmi saytında yerləşdirilib.

 

Sənədə əsasən, taksi minik avtomobilində Bakı Nəqliyyat Agentliyi tərəfindən verilən eyniləşdirmə nömrəsi, onun loqosu, qısaldılmış adı və ya abreviaturası, habelə Agentliyin çağrı mərkəzinin nömrəsi olmalıdır. 

 

Hüquqi şəxslərin, habelə iki və daha artıq minik avtomobili ilə sərnişin daşımalarını həyata keçirən fiziki şəxslərin daşımalarda istifadə etdiyi taksi minik avtomobilləri sarı, ağ və ya bənövşəyi rəngdə olmalıdır.

 

Taksi minik avtomobillərinin fərqləndirici nişanı göy-sarı və ya qara-ağ rəngdə olması mütləqdir.

 

Beynəlxalq hava limanında xidmət üçün istifadə olunan taksi minik avtomobillərinin yanlarında “Airport taxi” fərqləndirici nişanı olmalıdır.

 

Taksi minik avtomobillərində sərnişin üçün ön oturacağın cihaz panelində yaxşı oxuna biləcək şəkildə sürücünün soyadı, adı, fotoşəkli və Bakı Nəqliyyat Agentliyi tərəfindən verilən fərdi kod nömrəsi, eləcə də daşıyıcının (fiziki və ya hüquqi şəxsin) adı, ünvanı göstərilən 110x60 mm ölçüdə məlumat lövhəsi olmalıdır. 

 

Taksi minik avtomobilləri taksometr aparatı və ya müvafiq proqram təminatı ilə təchiz edilməlidir.

 

Taksometr taksi minik avtomobilinin salonunda sərnişinlərin rahat məlumat almaları üçün uyğun yerdə quraşdırılmalıdır.

 

Taksi minik avtomobillərinin oturacağında, oturacaq üzlüyündə, döşəmə xalçasında və ya digər daxili hissəsində heç bir qüsur olmamalıdır. Ön və arxa oturacaqların üzərini örtmək üçün tikilmiş örtüklərin istifadəsinə icazə verilmir. Örtük kimi avtomobil yorğanlarının istifadəsinə icazə verilir. Salonun daxili bütövlükdə təmiz, səliqəli olmalı və xoşagəlməz qoxular olmamalıdır.

 

Taksi minik avtomobillərində sərnişinlər tərəfindən yaxşı görülə bilən yerdə daşınma haqqının tarifləri əks olunmuş lövhə asılmalıdır. Beynəlxalq hava limanında taksi kimi istifadə edilən minik avtomobillərində daşıma haqqı tarifləri Azərbaycan və ingilis dillərində göstərilməlidir.

 

Taksi minik avtomobilində sərnişinlər tərəfindən yaxşı görünən yerdə lövhədə “tütün çəkmək qadağandır” yazısının və ya işarəsinin olması təmin edilməlidir.

 

Hüquqi şəxslərin, habelə iki və daha artıq minik avtomobili ilə sərnişin daşımalarını həyata keçirən fiziki şəxslərin daşımalarda istifadə etdiyi taksi minik avtomobillərində, eləcə də beynəlxalq hava limanında sərnişindaşıma xidməti üçün istifadə olunan taksi minik avtomobillərində nağdsız ödəniş üçün POSterminal olmalıdır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ