İnsafsızlıqdı, dövlətin ədəbiyyat naminə xoş niyyətlə ayırdığı pulu bunlar havaya sovururlar, ehtiyacı olmayanların cibinə basırlar, ətraflarına xərcləyirlər. Ədəbiyyatın inkişafı naminə heç nə eləmirlər.
Buta.media-nın məlumatına görə, bunu tanınmış şair Salam Sarvanın Bakupost.az-a müsahibəsində deyib.
Onun sözlərinə görə AYB ədəbi fəaliyyətlə yox, bankçılıqla məşğuldur:
"Mən AYB-nin üzvü deyiləm, ancaq indi xərclədikləri pulun içində mənim də maaşımdan, qonararımdan verdiyim verginin məbləği var.
Düzü, Azərbaycan Yazıçılar Birliyi uzun illərdir, ədəbi fəaliyyətlə yox, bank fəaliyyətiylə, bankçılıqla məşğuldur. O boyda təşkilatın işi-gücü ancaq ildə bir dəfə təqaüd siyahısı hazırlayıb maliyyə qurumlarına təqdim etməkdən, dövlətin xoş niyyətlə ayırdığı pulu şübhəli formalarda yerbəyer eləməkdən, əmlakı kafe kimi icarəyə verməkdən ibarətdir. Sırf buxalteriya yəni. Ölürəm gülməkdən.
Həm də ortada çox əndrabadi görüntü var. Belə çıxır ki, AYB-nin iki mindən çox üzvü, yüzə qədər maaşlı işçisi, neçə-neçə rayon filialı, aparatındakı neçə-neçə şöbəsi, neçə-neçə katibliyi, neçə-neçə şurası ona görə bir yerə yığışıb ki, ildə bir dəfə təqaüd siyahısı hazırlayıb versinlər.
AYB-nin yaratdığı monopoliyada, ümumən ədəbiyyat təsərrüfatında dəhşətli haqsızlıqlar baş alıb gedir. Nəhayət, bu hoqqaları durdurmaq zamanı gəlib çatıb. İçində azca da olsa ədalət hissi qalmış yazarlar bir araya gəlib, bu meydan sulayan fərasətlilərin qarşısına çıxmalıdır".