Ödənilşi yolda sürət həddi məlum oldu

Bu yaxınlarda istifadəyə verilən Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolu ilə bağlı sürücüləri düşündürən bir məqam da yolda sürət həddidir. Hazırda yolun maksimal sürət həddi 110 km/saatdır. Lakin bəzi insanlar düşünür ki, magistral yoldur, pul vermişəm, yolda sürət daha yüksək olmalıdır.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli qeyd edib ki, Azərbaycandakı yollarda sürət həddi ilə bağlı qanunvericilikdə dəqiq məlumatlar var.

“Qanunvericiliyə görə, Azərbaycanda magistral yollarda maksimal sürət 110 km/saat təyin olunub. Yeni istifadəyə verilmiş Bakı-Quba ödənişli avtomobil yolunda da eyni sürət həddi nəzərdə tutulub. Sadəcə olaraq yol yeni istifadəyə verildiyi üçün radar yoxdur. Lakin ehtiyac yarandığı zaman aidiyyəti qurumlar tərəfindən müvafiq ərazilərdə (hansı tərəfdə məsləhətdirsə) quraşdırıla bilər. Bu, o demək deyil ki, yolda sürət limiti yoxdur. Həmçinin radarın quraşdırılmaması sürücülərin nəzərdə tutulan sürət həddindən yuxarı nəqliyyat vasitəsini idarə edə biləcəklərinə şərait yaratmır. Ələt-Astara magistral yolu da yeni istifadəyə verilən zaman radarlar lazımi hissələrə sonradan quraşdırıldı. Bakı-Quba ödənişli avtomobil yolunun da yeni olduğunu nəzərə alsaq radarın olmaması qəbulolunan haldır. Yoldan istifadə edən şəxslərin qovşaqlara qalxmaq, daxil olmaq üçün sürət limiti 90 km/saat olaraq tənzimlənib. İddianı irəli sürənlər nəzərə almalıdır ki, limitsiz yolda avtomobili yüksək sürətlə idarə edən sürücü anidən sürəti aşağı sala bilməz”.

İnzibati Xətalar Məcəlləsinə edilmiş son dəyişikliyə əsasən, yolda müəyyən edilmiş hərəkət sürətini 41-60 km/saat həddində aşmağa görə 200 manat məbləğində cərimə tətbiq olunur. Müəyyən edilmiş hərəkət sürətini 61 km/saat və daha artıq aşmağa görə isə 300 manat məbləğində cərimə cəzası tətbiq edilir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ