Bakıda 162 saylı məktəbdə intihar edən Elina Hacıyevanın anası Sevil Hüseynovanın, həmçinin vəkilləri Sevinc Əliyeva, Azər Nağıyev və Emin İsayevin hal-hazırda gedən məhkəmə-tibbi ekspertizada iştirakı üçün ekspert olan Vüqar Məmmədovla bağlı qaldırdıqları vəsatətin rədd edilməsi barədə məlumat vermişdik.
Buta.media xəbər verir ki, bu barədə Lent.az-a yenidən danışan Sevil Hüseynova bildirib ki, ona verilən sənəddə nə imza, nə də ki, möhür olmayıb:
“Rəsmi sənəd kimə, hara göndərilib, bilmirik. Vəkillərimə hələ də bu məlumat çatmayıb. Nə üçün bu məsələyə bu qədər etinasız yanaşıldığını anlamıram. Prezidentə müraciətimdə bildirdiyim kimi, ekspert Vüqar Məmmədovun məhkəmə-tibbi ekspertizada iştirakını istəyirəm. Bu mənim haqqımdır, ancaq bundan sonra əmin ola bilərəm ki, qızımın ölümünə nə səbəb olub”.
S.Hüseynova əlavə edib ki, müstəntiqin cavabında dünya şöhrətli ekspertin (Dünya Tibbi Hüquq Assosiasiyasının birinci vitse-prezidentidir) nə üçün prosesə cəlb olunmaması ilə bağlı əsaslandırılma yoxdur:
“Axı buna əsaslı cavab verilməli idi ki, V.Məmmədovun iştirakı nəyə və kimə mane olacaqdı? Onun nüfuzu, obyektivliyi açıq-aşkar görünür, axı nə səbəbdən olmaz?
Qərarın möhürsüz, imzasız olmasından daha çox bu mənə təsir edir. Sadəcə bir cümlə yazılıb ki, ona ehtiyac yoxdur. Nəyə görə yoxdur?”
Cinayət işində Elinanın anasının hüquqlarını müdafiə edən vəkillərdən biri olan Sevinc Əliyeva isə Lent.az-a mövzu ilə bağlı açıqlama verərək bildirib ki, müstəntiqin sözügedən vəsatətlə bağlı qəbul etdiyi rəsmi qərar hələ də onlara çatmayıb:
“Müstəntiq bizə məlumat verdi ki, qərar vəkil bürolarına poçtla göndərilib. Lakin bir neçə gün ərzində qərar gəlmədiyinə görə biz müstəntiqdən xahiş etdik ki, qərarın bir nüsxəsi bizə verilsin. Müstəntiq də müsbət qərar verdi və qərarın alınması üçün prokurorluğa vəkillərimizdən biri getdi. Alınan qərarı elə həmin gün Sevil Hüseynovaya təqdim etdik.
Bəli, doğrudur, qərarda nə imza, nə də ki, möhür yox idi”.
Qeyd edək ki, Sevil Hüseynova sözügedən qərarın fotolarını saytımıza göndərib. Fotolardan da məlum olur ki, həqiqətən də sənəddə nə imza, nə də ki, möhür yoxdur.
Xatırladaq ki, Elinanın ölümü ilə əlaqədar aparılmış xidməti araşdırma nəticəsində Bakı şəhəri 162 nömrəli tam orta məktəbin direktoru (Abbasova Sevinc Kamil qızı), tərbiyə işləri üzrə direktorun müavini (Məhərrəmova Lalə Arif qızı) və məktəbin psixoloqunun (Ağayeva Könül İsmayıl qızı) əmək müqaviləsinə xitam verilib.
Həmçinin bildirək ki, Bakı şəhəri Səbail rayonu 162 nömrəli tam orta məktəbin 8-ci (r) sinif şagirdi, 2004-cü il təvəllüdlü Elina Hacıyevanın təhsil aldığı məktəbin üçüncü mərtəbəsindən özünü ataraq intihara cəhd etməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. Hal-hazırda həmin iş üzrə istintaq gedir.
S.Abbasova Cinayət Məcəlləsinin 143-cü (Təhlükədə qoyma) və 314.2-ci (Səhlənkarlıq; zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddələri ilə ittiham verilib. Səbail rayon Məhkəməsi tərəfindən S.Abbasova barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.