"Qızım narkomandı" - Gəncədə nənə nəvələrini küçəyə atdı - foto

Gəncədə 2 azyaşlı nəvəsini küçəyə atan qadın bunun səbəbi barədə danışıb.

APA xəbər verir ki, Mehriban Cəlilova qızının narkotik aludəçisi olduğunu bildirib.

O, qızı ilə bağlı başqa ittihamlar da səsləndirib və belə olduğu halda uşaqların anasının yanında böyüməsini istəmədiyini deyib.

M.Cəlilovanın sözlərinə görə, qızı hər gün evdə dava salır və o, məcbur olaraq bu addımı atıb.

Mehriban Cəlilova onları müvəqqəti olaraq İcra Hakimiyyətinə verdiyini də açıqlayıb: “Mən nəvələrimdən imtina etməmişəm”.

Qeyd edək ki, Gəncə şəhər İcra Hakimiyyətinin küçəyə atılan azyaşlı bacı-qardaşla bağlı yaydığı məlumatda bildirilib ki, oktyabrın 21-də Cəlilova Mehriban Ramiz qızı qəyyumu olduğu iki yaşlı oğul, bir saat sonra isə üç aylıq qız nəvəsini Gəncə Şəhər İcra Hakimiyyətinin qarşısına gətirərək ərazini tərk edib.

“O, nəvələrinə qayğı göstərə bilmədiyini əsas gətirərək, onların dövlət müəssisəsinə yerləşdirilmələrini istəyib. Gəncə Şəhər İcra Hakimiyyətinin, Gəncə Şəhər Baş Polis İdarəsinin və “Gəncə Şəhər Birləşmiş Xəstəxanası” PHŞ-nin əməkdaşları tərəfindən uşaqlar nəzarətə götürülüb. Qanuna müvafiq qaydada onlar Gəncə Şəhər Uşaq Xəstəxanasına yerləşdiriliblər. Yaxın günlərdə isə uşaqların qanuna müvafiq qaydada dövlət müəssisəsinə yerləşdirilməsi təmin olunacaq”, - Gəncə İH-dən bildirilib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ