İsrailin Təl-Əviv şəhərinin Sərgi Mərkəzində baş tutan “Eurovision 2019” beynəlxalq mahnı müsabiqəsinin final mərhələsində Azərbaycana qarşı hörmətsizlik edilib.
Buta.media-nın məlumatına görə, BAKU.WS xəbər verir ki, müsabiqənin finalında Azərbaycanın səslərini açıqlamazdan öncə təqdim edilən xəritə səhv göstərilib.
Videoda əks olunan Azərbaycan xəritəsi təhrif olunmuş formada göstərilib.
Qeyd edək ki, bundan öncə də Azərbaycan təmsilçisi Çingiz Mustafayevin uğurla çıxış etdiyi II yarımfinaldan sonra finala vəsiqə qazanan ölkənin təmsilçiləri üçün təşkil olunan mətbuat konfransında bayrağımıza qarşı hörmətsizlik edilmişdi. Azərbaycan nümayəndəliyinin qarşısına qoyulan mikrafonların üzərində Azərbaycan bayrağı tərsinə əks olunmuşdu.
İctimai TV-nin Beynəlxalq Əlaqələr Departamentinin aparıcı mütəxəssisi Fikrət Doluxanov “Eurovision"da bayraqla bağlı yaranan problemə münasibət bildirmişdi. İTV əməkdaşları yanlış göstərilən bayrağı gördükdən sonra vəziyyətə müdaxilə ediblər və rəsmin üzərinə bayrağımızı doğru formada asıblar.
Qeyd edək ki, “Dare to Dream” ("Arzulamağa cürət et") şüarı altında təşkil olunan builki yarışmada Niderland təmsilçisi Dunkan Lourens “Arcade” mahnısı ilə birinci olub. O, səsvermə zamanı 492 xal toplayıb. “Eurovision 2019” beynəlxalq mahnı müsabiqəsində İtaliya ikincisi, Rusiya isə üçüncüsü olub. Azərbaycanlı ifaçı Çingiz Mustafayev “Truth” mahnısı ilə yarışmanı 7-ci sirada başa vurub.