Azərbaycan Milli Elmlər Akademiyası A.A.Bakıxanov adına Tarix İnstitutunun Elmi Şurası “Keşikçidağ”la bağlı bəyanat yayıb.
Buta.media-nın məlumatına görə, bəyanatda bildirilir ki, Gürcüstanın keçmiş Daxili İşlər naziri, Müdafiə naziri, adı hər zaman korrupsiyada hallanan İrakli Okruaşvili, eyni zamanda Leyboristlər Partiyasının rəhbəri, 2012-ci il parlament seçkilərində və 2014-cü il prezident seçkilərində tam uğursuzluğa düçar olduqdan sonra partiya sədrliyindən istefa verməyə məcbur olan, sonra yenidən partiyasına qayıdan Şalva Natelaşvili bu yaxınlarda ölkələrində itirilmiş imiclərini yenidən bərpa etmək üçün qonşu və dost Azərbaycan və Gürcüstan respublikaları arasına nifaq salmaq üçün sərhəd bölgəsinə gələrək məsuliyyətsiz açıqlamalar və bəyanatlar səsləndiriblər:
"Onlar Azərbaycan Respublikasına qarşı ərazi iddiaları səsləndirməklə kifayətlənməyib, Azərbaycan xalqına qarşı təhqiramiz ifadələr işlətməkdən də çəkinməmişlər. Onların bu çıxışları qardaş Gürcüstanda müəyyən ajiotaja səbəb olmuşdur, Azərbaycanda isə geniş ictimai dairələr arasında haqlı narazılıq doğurmuşdur. İlk olaraq qeyd edilməlidir ki, İrakli Okruaşvili və Şalva Natelaşvili kimilər gürcü xalqına dost və qardaş olan Azərbaycan xalqını “çoban”, “gəlmə” adlandırır, özlərini isə az qala bütün Cənubi Qafqazın ən qədim etnosu kimi təqdim edirlər. Hətta bəziləri həddini daha da aşaraq Gürcüstan Respublikasının aborigen əhalisi olan 500 minə yaxın azərbaycanlının yaşadıqları vətənlərindən çıxarılması ilə bağlı sərsəm fikirlər səsləndirir, məsuliyyətsiz çıxışlar edirlər.
Bununla əlaqədar olaraq AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun Elmi şurası bütün məsuliyyəti ilə bəyan edir ki, Azərbaycan xalqı Cənubi Qafqazın, o cümlədən müasir Şərqi və Cənubi Gürcüstanın ən qədim aborigen etnoslarından biridir.
Biz hər iki böhtançıya, həmçinin onlarla eyni fikirdə olan hər kəsə bildiririk: Azərbaycan xalqı qədim Azərbaycan – Albaniya dövlətinin tarixi varisidir. Albaniya dövlətinin ərazisi isə İberiyanın ən ucqar sərhədlərinə qədər uzanırdı. Cənab İrakli Okruaşvili və Şalva Naltelaşvili, sizin ata-babalarınız İberiya – indiki İmeretiya ərazilərində yaşayırdılar. İberlərin şərq qonşuları albanlar, albanların qərb qonşusu isə iberlər idi.
Böyük Plini iki xalq arasında sərhəddin Dəryal keçidindən başladığını, burada Kumania (bəli, məhz Kuman!, cənab Şalva!) istehkamının yerləşdiyini, Hermastla – Armazi ilə üzbəüz cahanın hissələrə (Sarmatiya, Albaniya və İberiya) bölündüyünü yazır (Plini. VI.26.30). Strabon Kürün Araqvini qəbul etdikdən sonra dar vadi ilə Albaniyaya axdığını deyir ki, bu da müasir Msxeta ərazisinə uyğundur (Strabo, XI.3.2). Ptolemey, ümumiyyətlə, Telavi, Tiflis, Tianeti kimi şəhərləri Albaniya şəhərlərinin sırasında verir (Ptolemey, kitab 5, bölmə 12).
İndi siz tarixi Azərbaycan torpaqlarında yerləşən Albaniya tarixi abidəsi olan David Qareci monastırı üstündə torpaq iddiası qaldırırsınız. Bu tarixi monofizit alban məbədinin diofizit İrakliyə, Şalvaya heç bir dəxli yoxdur.
Daim sizi əhatə edən bu “çoban”lar heç zaman qoç başını kilsələrə yapışdırmamışlar. Xristian inancına və abidələrinə hörmətlə yanaşmışlar. İrakli Okruaşvili, Şalva Natelaşvili kimi “yüksək mədəniyyət”ə malik olan sizlər isə donuz başını məscidlərə yapışdırırsınız, nəinki xalqlar arasında ədavət toxumu səpməkdən çəkinmirsiniz, eyni zamanda öz soyunuzdan olan müsəlman acarlar və gürcülərə də dini mənsubiyyətlərinə görə düşmən münasibət göstərirsiniz. Tərəfinizdən xalqımızın ünvanına söylənilən söyüşlərə gəldikdə isə, bu söyüşlərin əsl ünvanı İrakli Okruaşvili, Şalva Natelaşvili və onlar kimilərdir.
Sizin kimilər tərəfindən Rusiyanı təcavüzkar adlandırmaq hal-hazırda dəbdədir. Bütün günahlarınızı Rusiyanın üzərinə yıxmaqla özünüzü təmizə çıxarırsınız. Bu, sizin öz işinizdir. Lakin onu da unutmayın ki, Çar Rusiyasını XVIII əsrdə Cənubi Qafqaza elə sizin kimilər gətirib. Georgiyevsk traktatını unutmayın! Onu da unutmayın ki, Gürcüstan respublikasının bütün çətin dövrlərində sizin “çoban” adlandırdığınız 500 min aborigen azərbaycanlı həmişə gürcü dövlətinin yanında olmuşdur.
Sizdən fərqli olaraq, Azərbaycan Respublikası dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq, bütün vətəndaşlarının tarixi keçmişinə, inancına, abidələrinə hörmətlə yanaşır, onu qoruyub saxlayır. Azərbaycanın hər bir vətəndaşı Azərbaycan üçün əzizdir. Etnik, dini, siyasi mənsubiyyətindən asılı olmayaraq, Azərbaycanda heç kim Sizin düşündüyünüz kimi “qonaq” deyildir, hər kəs Azərbaycanın tam hüquqlu vətəndaşıdır. Məhz bu məqsədlə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 19 dekabr 2007-ci il tarixli sərəncamı ilə Ağstafa rayonunun ərazisində Keşikçidağ silsiləsinin bir hissəni əhatə edən mağaralar kompleksini Azərbaycan Respublikasının “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğu elan etmiş, bununla bölgənin Azərbaycan tarixinin ayrılmaz parçası olduğunu bir daha təsdiq etmişdir.
Azərbaycan və gürcü xalqlarının dost və qardaşlığı bütün dövrlərdə tarixin sərt sınaqlarından şərəflə çıxmışdır. Bu dostluq və qardaşlığa nifaq salmağa çalışanlar həmişə tarixin tullantılarına çevrilmişlər. Bunu unutmayın!"