“Maşını mən deyən yerə sürməsəniz, qumbaranı partladacağam” - təfərrüat

Zaqatalada baş verən partlayışın təfərrüatı məlum olub. 

Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə tanışlar arasında düşən şəxsi mübahisə zəminində baş verib.

Belə ki, rayonun Yengiyan kənd sakini, 1994-cü il təvəllüdlü Həmid Gülməmmədov sərxoş vəziyyətdə içərisində qonşusu Məqsəd Rzayevin olduğu avtomobili saxladaraq maşına əyləşib və onu gedəcəyi ünvana aparmağı tələb edib. Əks təqdirdə Həmid onları əlindəki qumbaranı partladacağı ilə hədələyib. Onlar razılaşıblar və Həmidi sakitləşdirməyə çalışıblar. Lakin sərxoş vəziyyətdə olan Həmid onlara məhəl qoymayıb. Həmid avtomobili bir neçə yerə sürdürüb. Bu zaman onların arasında narazılıq yaranıb. Bu narazılıqdan doğan mübahisə zəminində Həmid əlindəki qumbaranın alışdırıcısını çəkərək onları yenidən təhdid etməyə başlayıb. Nəticədə mübahisə daha da qızışıb və Həmid qumbaranı onların üstünə atıb.

Qumbaranın partlaması nəticəsində Həmid hadisədən dərhal sonra, Məqsəd Rzayev isə bir gün sonra xəstəxanada dünyasını dəyişiblər.

Hadisə zamanı xəsarət alan İlqar Cumayev isə xəstəxanada müalicə alır. Həkimlər onun həyat təhlükəsinin olmadığını deyirlər.

Artıq istintaq qrupu İlqar Cumayevin ilkin ifadəsini alıb.
Xatırladaq ki, Həmid Gülməmmədov Vətən müharibəsi iştirakçısıdır. Ehtimal olunur ki, o, əl qumbarasını müharibə zamanı əldə edib.

Hazırda iş üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.  

Qeyd edək ki, sentyabrın 30-da Zaqatala rayonunun Yengiyan kəndində 1994-cü il təvəllüdlü Həmid Gülməmmədov Məqsəd Rzayev və İlqar Cumayevlə aralarında yaranmış mübahisə zamanı üzərindəki əl qumbarasını partladıb. Nəticədə iki nəfər ölüb, bir nəfər xəsarət alıb.

Fakta görə Zaqatala Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1, (qəsdən adam öldürmə) 29, 120.2.7 (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) və 228.1-ci (qanunsuz olaraq döyüş sursatı və partlayıcı maddələri saxlama, daşıma və ya gəzdirmə) maddələri ilə cinayət işi başlanaraq istintaq aparılır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ