“Əməkdar mühəndis” Nizami Fərman oğlu Həsənov Gəncənin sabiq icra başçısı Elmar Vəliyevdən 4 milyon 600 min manat pulunu ala bilmir.
Buta.media musavat.com-a istinadən xəbər verir ki, “Kolanı-İnşaat” MMC-nin təsisçisi və direktoru olan Nizami Həsənov deyir ki, ümumilikdə ona olan borc daha çoxdur.
Özünün, övladlarının, yaxın qohumlarının mal-mülklərini satıb borcun bir hissəsini ödəyib. Qalan hissəsini isə ödəmək iqtidarında deyil.
Nizami Həsənov şirkətinin tikib başa çatdırdığı obyektləri, parkları sadalayır. Belə aydın olur ki, Yevlax və Gəncədə gözəgəlimli obyektlərin böyük əksəriyyətini onun rəhbərliyi altında şirkəti inşa edib.
Sahibkar deyir ki, uzun müddətdir ki, görülən işlərə görə yaranan borcu Elmar Vəliyev ödəmir.
“Əməkdar mühəndis” deyir ki, 2004-cü ildə Elmar Vəliyev Yevlaxa icra başçısı təyin olunandan sonra dövlət büdcəsi hesabına tikilən obyektlərin tikintisini onun şirkəti icra etməyə başlayıb:
“Yevlaxda dövlət sifarişi ilə həyata keçirilən tikintilərin böyük əksəriyyətini şirkətim icra edib. Yevlaxda Kür çayı sahilində 5 ulduzlu, 7 mərtəbəli hoteli bizim şirkət tikib. Yevlax şəhərində Səməd Vurğun parkı, Səməd Vurğun küçəsi, Kür sahili boyunca abadlıq işləri görülüb. Yevlaxda gördüyüm işlər görə 1 milyon 700 min manat alacağım var. Vermirlər!
2011-ci ildən 2016-cı ilə qədər Gəncə şəhərində Qoşa qalanın, Nizami Muzeyi, Uşaq Yaradıcılıq Mərkəzi, ASAN xidmət binası, Heydər Əliyev Mərkəzi, Heydər Əliyev parkı, Heydər Əliyev parkında Anfi-teatr, Gəncə Dövlət Flarmoniyasının tikintisi başa çatdırmışıq. Gəncə şəhərində görülən işlərə görə 2 milyon 900 min manat borcları var, ödəmirlər. Yevlaxda və Gəncədə görülən işlərin 1 sifarişçisi olub – Elmar Vəliyev”.
“Əməkdar Mühəndis” deyir ki, borcun qaytarılması üçün Yevlax İcra Hakimiyyətinin başçısı Qoca Səmədova müraciət edib: “Qoca Səmədov borcu ödəmək əvəzinə məni hədələyir, şantaj və təhdid edir.”