“Anamızı dəfn edib Vətən müharibəsinə qayıtmışdı...” - Fotolar

“44 günlük müharibənin ən qızğın vaxtlarında, oktyabr ayının 30-u axşam saatlarında anamız vəfat etdi. 31 oktyabrda Ruslan döyüşdən gələrək anamızın dəfnində iştirak etdi və yenidən qayıtdı. Ona deyəndə ki, “gözlə bir az, özünə gəl, sonra get”, deyirdi ki, “mən heç bir əsgərimin valideyninə övladın şəhid oldu deyə bilmərəm””. 

Bu sözləri “Qafqazinfo”ya Azərbaycan Ordusunun keçirdiyi lokal antiterror tədbirləri zamanı şəhid olan Ruslan Abbasovun qardaşı Nəriman Abbasov deyib.  

Kasıb bir ailədə böyüdüklərini deyən Nərimanın indi nə anası var, nə atası, nə də qardaşı...

Şəhidimizin qardaşı bildirib ki, 2014-cü ildə atalarını, 2020-ci ildə isə analarını itiriblər. Nərimanın sözlərinə görə, qardaşı 2020-ci ilin sentyabrın 27-sində başlayan 44 günlük Vətən müharibəsində böyük qəhrəmanlıqla döyüşüb: “44 günlük Vətən müharibəsi ərzində “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli, “Xocavəndin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub. Sentyabrın 19-da aparılan antiterror əməliyyatları zamanı bir çox seperatçı mövqelərini məhv edib. Həmin tarixdə düşmən atəşi zamanı bölüyü sığınacağa köçürən zaman şəhid olub". 

1995-ci il təvəllüdlü şəhidimiz Mingəçevirdə anadan olub. 2010-cu ildə 8-ci sinifi bitirərək təhsilini Cəmşid Naxçıvanski adına hərbi liseydə davam etdirib: “2013-cü ildə hərbi liseyi bitirərək Heydər Əliyev adına AAHM daxil olub. Ruslan 2017-ci ildə AAHM bitirərək leytenant rütbəsi ilə N saylı hərbi hissədə tağım komandiri vəzifəsində işə başlayıb. 2018-ci ildə “Azərbaycan ordusunun 100 illiyi Yubiley” medalı ilə təltif olundu. 2020-ci ilin yayında Baş leytenant rütbəsinə yüksəlib və N saylı hərbi hissədə bölük komandiri vəzifəsinə çalışıb”. 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ