“Məktəbdə qızıma qadın bezi verilib. Qızım gəlib dedi ki, ana, sinifdən oğlanları bayıra çıxardılar, sonra bu məhsulları bizə payladılar. Oğlanlar qapını açıb bizə dil çıxarır, sataşıb gülürdülər. Bu vəziyyətdən pərt oldum”.
Buta.media xəbər verir ki, bu fikirləri Lent.az-a qızı orta məktəbdən evə qadın bezi ilə qayıdan ana bildirib.
Bu vəziyyətdən narazılığını ifadə edən valideyn “mən onsuz da bu barədə qızıma məlumat verirəm. Bu məhsulları onların əlinə verməyin nə mənası var?”-deyə, irad bildirən valideyn tək deyil.
Xəyalə Quliyeva adlı sosial şəbəkə istifadəçisi də mövzu ilə bağlı öz səhifəsində fikirlərini bölüşüb. Həmin yazını təqdim edirik.
“Orta məktəblərin 6-cı siniflərində “always” şirkətinin məhsullarını paylayan Təhsil Nazirliyi, olmazmı öz dəyərli vaxtınızı daha səmərəli işlərə sərf edəsiniz? Misal üçün, o məktəbə qızlara “dərs keçmək üçün” gətirdiyiniz həmin firma əməkdaşları yerinə, respublikamızın ən uğurlu abituriyentlərini, dünyanın qabaqcıl universitetlərinin tələbə və məzunlarını qonaq qismində gətirə bilərsiniz.
Hansısa dərsin yerinə valideynlərin heç bir icazəsi və xəbəri olmadan sinfə girən və uşaqlara “dərs” keçən həmin ağ xalatlılar hamının gözü qarşısında faciə baş verən məktəbə gəlməli idilər. (Elinanın oxudğu məktəb nəzərdə tutulur) Yeri gəlmişkən, o faciədən sonra məktəblərdə şagird və müəllimlər üçün psixoloji seminarlar başlanılıbmı? Yoxsa hələ də bulling davam edir?"
Təhsil Nazirliyi niyə ağacəkmə kompaniyasına start vermir? “Hərəmiz bir fidan əkək “ deyərək, məktəbliləri niyə əməyə, zəhmətə, mərhəmətə sövq etmir? Niyə məktəblər qocalar evinə, valideyndən məhrum olan uşaqlar evinə sovqat düzəldib getmirlər? Niyə məktəbin həyətində iməcilik etmirlər? Niyə “nə harada, nə vaxt" yarışları keçirmirlər? Niyə məktəblərarası basketbol, voleybol, futbol yarışları olmur. Tək-tük deyil, geniş miqyaslı tədbirləri deyirəm. Niyə məktəblərə teatrlar gəlmir? Niyə tamaşalar göstərilmir? Niyə ən gözəl şəkildə təmir olunan məktəblərdə, heç olmasa üç-dörd aydan bir öz yaşlarına uyğun sənədli, bədii filmlər göstərilmir?
Məktəblərin pəncərələrinə dəmir barmaqlıq vurmaq əvəzinə təhsil sisteminin qəlbindəki dəmir barmaqlıqları çıxardıb atsaq? Nə dəmirə ehtiyac olar, nə də divara, məktəb dörd divar demək deyil... məktəbin o müqəddəs ruhunu qaytarmaq lazımdır. Bunun üçün isə, o “ağxalatlıların” payladığının əvəzinə məhəbbət paylamaq lazımdır”.
Bu məsələ ilə bağlı Təhsil Nazirliyindən bildirib ki, 2015-ci ildən etibarən Reproduktiv sağlamlıqla bağlı maarifləndirmə işinin davamlı aparılmasının vacib olduğunu nəzərə alaraq, Təhsil Nazirliyi, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi və Ümidli Gələcək Gənclər Təşkilatı xüsusi tədris və maarifləndirmə proqramını həyata keçirməyə başlayıb:
“Proqram çərçivəsində İSİM, Təhsil Nazirliyi və Ümidli Gələcək təşkilatı Azərbaycan Müəllimlər Universiteti, Bakı şəhəri üzrə Təhsil İdarəsi, Azərbaycan Dövlət Pedaqoji Universiteti və Təhsil İnstitutu ilə sıx əməkdaşlıqda reproduktiv sağlamlıq və ailə planlaşdırılması sahəsində tədris proqramının hazırlanması, gələcək təlimçilər üçün təlim kurslarının təşkili və milli mütəxəssislərin iştirakı ilə ölkənin seçilmiş şəhər və rayonlarının tam orta məktəblərinin şagirdləri, müəllimləri və psixoloqları üçün, habelə uşaqların valideynləri üçün genişmiqyaslı və dayanıqlı maarifləndirmə və tədris proqramının təşkili davam edir.
Təlimlər zamanı məktəblərdə təhsil alan 6-7-ci sinif şagirdlərinə mövzuya dair təqdimatlarla yanaşı, xüsusi hazırlanmış bukletlər və təlim zamanı keçirilmiş mövzuların aşılanması məqsədlə şagirdlərə praktik bacarıqların öyrədilməsi üçün analara təlimin məzmununu əks etdirən 1 ədəd sanitar-gigiyenik materiallar (sabun, salfet, şampun və s.) paylanılıb. Uşaqlara paylanılan materialların heç biri reklam xarakteri daşımır”.