İlham Əliyev nənənin xahişini yerinə yetirdi

Prezident İlham Əliyevin göstərişi ilə Ağsu şəhər sakini, 1990-cı il təvəllüdlü Murad Zamanov gözlərindən əməliyyat olunmaq üçün Türkiyəyə yola salınıb.
 
Bu barədə “Report”a açıqlamasında M.Zamanov özü məlumat verib.
 
O bildirib ki, əməliyyat İstanbul şəhərindəki xəstəxanalardan birində olacaq.
 
Onu səfərdə Heydər Əliyev Fondunun əməkdaşları müşayiət edir.
 
“Ümid edirəm ki, hər şey yaxşı olacaq”, - deyə Z.Muradov əlavə edib.
 
M.Zamanov deyib ki, prezident İlham Əliyevin onun gözlərindən əməliyyat olunması üçün verdiyi göstərişi televiziya vasitəsi ilə eşidib:
 
“Prezident bizim rayona səfərə gələn zaman nənəm dövlət başçısından xahiş etmişdi ki, müalicə üçün kömək göstərsin. Mənim bundan xəbərim olmayıb. Mən bunu televiziyada gördüm. Həmin an nə hiss keçirdiyimi ifadə edə bilmirəm.
 
Prezident də elə həmin gün tapşırıq vermişdi və elə həmin gün də Heydər Əliyev Fondundan mənə zəng etdilər. Fondun əməkdaşları əvvəlcə məni müayinə üçün Bakıdakı xəstəxanalara apardılar. Sonda qərar verildi ki, İstanbulda əməliyyat olunum. Mən valideynlərimi itirmişəm, ailəliyəm və bir övladım var”.
 
Xatırladaq ki, Prezident İlham Əliyev Ağsuya səfəri zamanı şəhərin Firdovsi küçəsind Həcər Zamanovanın ailəsi üçün inşa edilən yeni üçotaqlı evdə görülən işlərlə tanış olub. Həmin vaxt H.Zamanova nəvəsi Murad Zamanovun gözlərinin əməliyyata ehtiyac olduğunu bildirib. Dövlət başçısı isə bununla bağlı Heydər Əliyev Fonduna göstəriş verəcəyini demişdi:
 
“Siz narahat olmayın. Lazım olarsa, biz onu xaricə də göndərərik”.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ