Vətən müharibəsinin ilk günü bir ailənin 5 üzvünün Ermənistan silahlı birləşmələrinin qurbanı olmasından 3 il ötüb.
“Qafqazinfo” xəbər verir ki, dinc Azərbaycan əhalisini hədəfə alan erməni silahlılar 2020-ci ilin sentyabrın 27-si toplarla Naftalan şəhəri Qaşaltı kəndini atəşə tutublar. Nəticədə həmin kəndin sakinləri Qurbanov Elbrus (baba), həyat yoldaşı Qurbanova Şəfayət (nənə), gəlini Əmirova Afaq (Şəhriyarın anası) və nəvələri 14 yaşlı Qurbanova Fidan və 13 yaşlı Qurbanov Şəhriyar həlak olublar.
Ailənin başçısı isə evdə olmadığına görə sağ qalıb. O, hərbçi olduğu üçün həmin vaxt cəbhədə döyüşlərdə iştirak edib.
Qeyd edək ki, Vətən müharibəsində 94 dinc şəxs erməni təcavüzü nəticəsində şəhid olub.