Azərbaycanda Ruben Vardanyana hansı cəza verilə bilər?

Sentyabrın 27-də “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsində 1968-ci il təvəllüdlü Ruben Karleni Vardanyan Azərbaycan Respublikasından Ermənistan istiqamətində hərəkət edərkən saxlanılıb.

"Konstitusiya" Araşdırmalar Fondunun sədri Əliməmməd Nuriyev Modern.az-a bildirib ki, birincisi, Ruben Vardanyan qeyri-qanuni şəkildə Xankəndiyə daxil olmaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318-ci maddəsini (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) pozub. 

Digər tərəfdən, Vardanyanın əməllərində milli, irqi ayrı-seçkiliyə çağırışlar var. Buna uyğun olaraq da Cinayət Məcəlləsinin 61.1.6-cı maddəsində (cinayətin milli, irqi və ya dini düşmənçilik, dini fanatizm, digər şəxslərin qanuni hərəkətlərinə görə qisas almaq zəminində, tamah məqsədi ilə və ya sair alçaq niyyətlərlə, habelə başqa cinayəti ört-basdır etmək və ya onun törədilməsini asanlaşdırmaq məqsədi ilə törədilməsi) məsuliyyət müəyyənləşib. 

Eyni zamanda, ətraf mühitə ziyan vurmaqla Cinayət Məcəlləsinin 247-ci maddəsini pozur. Onun cinayət tərkibli əməllərinə Azərbaycanın ərazi bütövlüyü əleyhinə çağırış, separatçı qüvvələrə rəhbərlik, müharibəyə açıq çağırış kimi hərəkətlər daxildir. Vardanyan Cinayət Məcəlləsinin bir sıra maddələri ilə mühakimə oluna bilər. Yəqin ki, hüquq-mühafizə orqanları və Baş Prokurorluq bununla bağlı müvafiq qərar qəbul edəcək”.

"Onun minaların döşənməsində, silahların alınmasında rolu araşdırılmalıdır. Ruben Vardanyan 44 günlük müharibədə erməni hərbçilərin, eləcə də separatçıların silahlandırılmasında iştirak edib. O, bizim onlarla, yüzlərlə hərbçimizin qanının tökülməsində iştirak etmiş şəxsdir. Bütün bunlara görə, Vardanyan həbs ediləcəyi təqdirdə ona uzunmüddətli cəzalar müəyyən ediləcək. Hətta ömürlük azadlıqdan məhrumetmə ilə cəzalandırıla bilər. Hər halda nə müddətdə cəza veriləcək, buna məhkəmə qərar verməlidir".

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ