Xocalıdakı görüşlə bağlı - Bəyanat

2023-cü il sentyabrın 25-də Xocalı şəhərində Qarabağın erməni sakinləri ilə təmaslar üzrə müəyyən edilmiş məsul şəxs Ramin Məmmədovun Qarabağın erməni sakinlərinin təmsilçiləri ilə növbəti görüşü keçirilib.

Bu barədə Azərbaycan Respublikası Prezidentinin Adminstrasiyası məlumat yayıb.

Konstruktiv mühitdə keçən görüşdə sentyabrın 21-də Yevlax şəhərində müzakirə edilmiş məsələlərin həlli istiqamətində atılan addımlardan, xüsusilə qısa müddətdə humanitar yardımın təminatı, yanacaq təchizatı və elektrik verilişinin bərpasından razılıq ifadə olunub.

Qarabağın erməni sakinləri ilə təmaslar üzrə məsul şəxs Ramin Məmmədov bundan sonrakı mərhələdə həyata keçiriləcək tədbirlər haqqında məlumat verib. Qeyd olunub ki, bəzi yaşayış məntəqələrində tənha vəziyyətdə müəyyən edilmiş erməniəsilli yaşlı sakinlərə ilkin tibbi yardım göstərilib və onlar həkim nəzarəti altında saxlanılırlar. Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələrinin həmin şəxslərlə görüşünə şərait yaradılması, onların ailə üzvlərinə və ya müvafiq tibb müəssisələrinə təhvil verilməsi təklif edilib.

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin sosial-humanitar, iqtisadi və infrastruktur məsələlərin həlli üzrə rəhbərlik etdiyi işçi qrupun üzvlərinin cari fəaliyyət istiqamətlərini müəyyən etmək məqsədilə Xankəndi şəhəri də daxil olmaqla ərazidə kommunal, səhiyyə xidmətləri və digər mülki fəaliyyətlə məşğul olan müvafiq nümayəndələrlə görüşünün təşkili və birgə işçi qrupunun yaradılması barədə razılıq əldə olunub.

Təklif olunub ki, Xankəndi şəhəri yaxınlığında və ya Xocalı istiqamətində qurulması təklif olunan səhra hospitalında səhiyyə xidmətləri Azərbaycan və erməniəsilli tibb heyəti tərəfindən birgə təşkil edilsin. Həmçinin Azərbaycan və erməni xidmət personalı tərəfindən mobil qida təminatı xidmətinin yaradılması təklif edilib.

Xroniki ağır xəstəliklərdən əziyyət çəkən və ya xüsusi cərrahiyyə əməliyyatına ehtiyacı olan şəxslərə zəruri tibbi yardımın göstərilməsinə hazırlıq ifadə olunub.
Bununla yanaşı, görüşdə Azərbaycan və erməniəsilli tibb işçilərindən ibarət səyyar birgə həkim briqadalarının formalaşdırılması, həmin briqadalar tərəfindən ucqar kəndlərdə tənha və tibbi xidmətə ehtiyacı olan şəxslərə xidmət göstərilməsinin vacibliyi vurğulanıb.

Qarabağ iqtisadi rayonunda yaşayan erməniəsilli vətəndaş cəmiyyəti təmsilçiləri və ictimai fəalların Bakıya və ya Azərbaycanın digər şəhərlərinə səfərlərinin təşkil edilməsi təklifi vurğulanıb və bu cür təşəbbüslərin vətəndaş cəmiyyəti dialoqu platformasının yaradılması, eləcə də etimad quruculuğu tədbirlərinin həyata keçirilməsi baxımından əhəmiyyətli olduğu qeyd edilib.

Görülmüş işlərin yekunlarının müzakirəsi və gələcək addımları müəyyənləşdirmək məqsədilə tezliklə növbəti görüşün keçirilməsi barədə razılıq əldə edilib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ