Azərbaycan XİN Makrona cavab verib

entyabrın 24-də Fransa Prezidenti Emmanuel Makron Fransanın “TF1” və “France 2” kanallarına müsahibəsi zamanı növbəti dəfə bölgədə mövcud vəziyyəti təhrif edən mövqe sərgiləməsi onun tərəfindən tətbiq olunan ikili standartların və qərəzin bariz nümunəsidir.

Bu fikirlər Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ayxan Hacızadənin Fransa Prezidenti E.Makronun “TF1” və “France 2” kanallarına müsahibəsi zamanı səsləndirdiyi fikirlərə dair şərhində yer alıb.

Mətbuat katibi, həmçinin bildirib: “Özünü yalandan insan haqlarının və beynəlxalq hüququn müdafiəçisi kimi qələmə verən Fransanın Azərbaycanın Qarabağ bölgəsində erməni separatizmini dəstəkləyərək, geosiyasi rəqabət və özünün “Orientalizmə” söykənən müstəmləkəçilik siyasəti ilə Cənubi Qafqaz regionunda mənfur neokolonialist təcrübəsini tətbiq etməyə çalışması, Azərbaycan Ermənistan məsələsində xristianlıq faktorunu qabartması və keçmiş münaqişəyə din amili ilə yanaşması təhlükəli və qəbuledilməzdir.

Fransa tərəfinə bir daha xatırlatmaq istərdik ki, Azərbaycanın öz suveren ərazilərində Ermənistan tərəfindən 30 illik işğala son qoyulması, Azərbaycanın ərazi bütövlüyü və suverenliyini bərpa etmək məqsədilə həyata keçirdiyi tədbirlər beynəlxalq hüquqla təsbitlənən legitim haqqımızdır.

Cari il sentyabrın 19-20-də Azərbaycan ərazisində mövcud olan erməni silahlı birləşmələrinə qarşı həyata keçirilmiş antiterror tədbirləri zamanı da beynəlxalq humanitar hüququn bütün normalarına əməl edildiyi Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) daxil, beynəlxalq təşkilatlar tərəfindən təsdiq edilmiş və hətta Azərbaycanın guya mülki əhalini hədəf aldığı iddialarının heç bir həqiqəti əks etdirmədiyi Ermənistan baş naziri tərəfindən bildirilib. Bu xüsusda Azərbaycanın bu tədbirlərinə qarşı səsləndirilən fikirlərin heç bir əsası yoxdur.

Müstəmləkə siyasəti çərçivəsində insan haqlarına heç bir önəm verməyən Fransanın ərazisində bir çox xalqların və etnik azlıqların firavan yaşadığı Azərbaycana dərs keçməyə çalışması qəbuledilməzdir. Eyni şəkildə 30 ilə yaxın müddətdə hüquqları pozulmuş, ərazilərindən didərgin düşmüş, kütləvi qırğınlara məruz qalmış azərbaycanlıların hüquqları barədə indiyə qədər heç bir şərh verməyən Fransanın indi ermənilərin hüquqlarını müdafiə etdiyini bildirməsi Parisin saxta niyyətindən xəbər verir.

Azərbaycan öz torpaqlarından erməni silahlı qüvvələrinin çıxarılması və erməni silahlı birləşmələrini tərk-silah edilməsi ilə yanaşı, erməni sakinlərə yardım göstərilməsi və onların Azərbaycan cəmiyyətinə reinteqrasiyası işini həyata keçirir.

Qeyd edilənləri nəzərə alaraq, Fransanın bölgədə sülhə xidmət etməyən və qarışıqlıq yaratmaq istiqamətində səylərinin heç bir nəticə verməyəcəyini bir daha bəyan edirik”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ