"Vor zakon" Əzizin işi: keçmiş səhiyyə naziri həbs olundu

Hüquq-mühafizə orqanlarının əməkdaşları kriminal aləmdə “Çeçen Əziz” kimi tanınan "qanuni oğru" Əziz Batukayevin cəzaçəkmə müəssisəsindən qanunsuz yollarla azad olunması ilə bağlı cinayət işini araşdırarkən Qırğızıstanın sabiq səhiyyə naziri Dinara Saginbayevanı həbs ediblər.

Buta.media-nın məlumatına görə, bu barədə virtualaz.org məlumat yayıb. 

Məlumata əsasən, yaxın günlərdə istintaqa çağırılaraq dindirilən sabiq məmur müvəqqəti saxlama təcridxanasına salınıb.

Qeyd edək ki, D.Saginbayeva 2011-2014-cü illərdə Qırğızıstanın səhiyyə naziri vəzifəsində çalışıb.

“Çeçen Əziz”in qanunsuz olaraq həbsdən buraxılması ilə bağlı bu ilin yanvar ayında cinayət işi başlanıb. İstintaq dövründə məlum olub ki, işin fiqurantları Səhiyyə Nazirliyinin əməkdaşları olub. Onlardan biri - həkim-onkoloq Emil Makimbetov da həbs edilib.

Xatırladaq ki, ciddi rejimli koloniyada cəza çəkən “Çeçen Əziz” məhkəmənin qərarı ilə 2013-cü ildə azadlığa buraxılıb. “Qanuni oğru”nun həbsdən buraxılması həkimlərin ona “kəskin leykoz” diaqnozu qoymalarından sonra baş tutub. Ə.Batukayev məhkəmə hökmü qanuni qüvvəyə mindikdən cəmi 6 saat sonra Bişkekdən çarter reysi ilə Qroznıya uçub.

Bəzi məlumatlara görə, kriminal avtoritetin “qaçış”ını Dövlət Dumasının deputatı, Ramzan Kadırovun ən yaxın tərəfdarı Adəm Dəlimxanov təşkil edib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ