“Hazırda Azərbaycanda koronavirusun "Eris" variantının yayılması barədə rəsmi məlumat yoxdur”.
Bu barədə Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Vasif Əliyev deyib.
İnfeksionist xatırladıb ki, hazırda qonşu ölkələrdə COVID-19-un yeni variantı aşkarlanıb:
“COVID-19-un yeni ştammi, həmçinin qrip, digər respirator infeksiyalar nisbətən yüngül formada keçdiyindən xəstələr əksər hallarda test vermək üçün xəstəxanaya və poliklinikalara müraciət etmirlər, ev şəraitində simptomatik müalicə alırlar. Bu isə öz növbəsində belə infeksiyalara yoluxmuş insanların rəsmi qeydiyyata alınmasını çətinləşdirir”.
Nazirlik rəsmisi bildirib ki, hazırda Azərbaycanda koronavirusun “Eris” variantının yayılması barədə rəsmi məlumat yoxdur:
“Vətəndaşlarımıza bildirmək istərdim ki, bütün respirator infeksiyalardan qorunma tədbirləri eynidir. Sanitar və gigiyenik qaydalara riayət edilməsi vacibdir. Bura sosial məsafənin gözlənilməsi, xəstə insanın ev şəraitində izlənilməsi, əl təmizliyi kimi qaydalar və.s. aiddir”.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, son zamanlar dünyada COVID-19-a yoluxanların sayı 38 % artıb. Belə ki, Koreya, İtaliya, Böyük Britaniya, Avstraliya və Sinqapurda yoluxma sayında kəskin artım qeydə alınıb. Hazırda ABŞ-da COVİD-ə yoluxma 2020-ci ilin ilk pandemiyasının statistikasına yaxınlaşır. Ölüm halları avqust ayı ilə müqayisədə 5% artıb. Qardaş Türkiyədə isə yeni ştamla əlaqəli həyəcan təbili çalınıb.