“Yükün Ağdam-Xankəndi yolundan keçməsini mühüm irəliləyiş kimi qiymətləndiririk”

“Məlum olduğu kimi, bu gün Azərbaycan Qızıl Aypara Cəmiyyəti ilə əlaqələndirilmiş şəkildə RQXC-nın yük avtomobilinin Ağdam-Xankəndi yolu vasitəsilə Xankəndinə keçidi təmin olundu. Azərbaycanın Qarabağ bölgəsində Ermənistanın qondarma rejimi tərəfindən problem və təxribatların törədilməsinə baxmayaraq, RQXC tərəfindən göndərilən yükün Azərbaycanla əlaqələndirilmiş şəkildə məhz Ağdam-Xankəndi yolu ilə keçməsini bu yolun açılması istiqamətində müsbət addım və mühüm irəliləyiş kimi qiymətləndiririk”.

Bu barədə Xarici işlər nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin yerli medianın “12 sentyabr 2023-cü il tarixində Rusiya Qızıl Xaç Cəmiyyəti (RQXC) tərəfindən göndərilən ərzaq və qeyri-ərzaq məhsullarının Ağdam-Xankəndi yolu vasitəsilə keçidi təmin olundu. Bu hadisəni necə şərh edərdiniz? Eyni zamanda, gündəmdə olan Ağdam-Xankəndi və Laçın yollarından eyni vaxtda istifadə məsələsi ilə bağlı Xarici İşlər Nazirliyinin şərhi nədən ibarətdir?” sualına cavabında deyilir. 

“Ağdam-Xankəndi və Laçın yollarından eyni vaxtda istifadə məsələsinə gəldikdə isə, Azərbaycanın ABŞ və digər tərəfdaşlar ilə yüksək səviyyəli təmaslar zamanı da qeyd etdiyi kimi, ölkəmiz bu iki yoldan BQXK vasitəsilə eyni zamanda istifadə məsələsinə razılıq verib. Təəssüf ki, bu razılığın da həyata keçirilməsinə mane olan tərəf Ermənistan tərəfindən Qarabağ bölgəsində yaradılmış qondarma rejimdir.

Bir daha bəyan edirik ki, Azərbaycan tərəfi Ağdam-Xankəndi yolu ilə paralel olaraq, Laçın sərhəd buraxılış məntəqəsində müvafiq olaraq sərhəd və gömrük prosedurlarına əməl etməklə BQXK vasitəsilə yüklərin daşınmasına şərait yaratmağa hazırdır”, - deyə məlumatda qeyd olunub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ