Sosial şəbəkələrdə Bakıda AA seriyalı avtomobilin yol hərəkəti qaydalarını pozmasını əks etdirən görüntülər yayılıb.
Görüntülərdən avtomobilin sürücüsünün yolun əks hərəkət zolağına çıxaraq nəqliyyat vasitəsini dayandırması və digər hərəkət iştirakçılarının hərəkətinə maneə yaratması bəlli olur.
“Mitsubishi” markalı 02-AA-205 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü ona irad bildirən digər sürücüyə “Rəisi düşürürdüm, nə problem var ki?”, deyərək cavab verib.
DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Rövşən Tağıyev “Qafqazinfo”ya bildirib ki, artıq həmin sürücünün kimliyi müəyyən edilib:
“Paytaxt ərazisində yol hərəkəti qayda pozuntusu törədən "Mitsubishi" markalı 02-AA-205 nömrə nişanlı avtomobilin sürücüsü P.Canayev İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib. Bir daha hər kəsi qaydalara riayət etməyə çağırırıq”.
Qeyd edək ki, 327.2-ci maddəyə əsasən, sürücü 80 manat məbləğində cərimə edilir.