Fazil Mustafa: Xalqımızın yaşadığı din virusdur

İslamın düşüncə azadlığı və ədalət anlayışını toplumumuz sevmir, onun zəncir və saqqal tərəfinə dəyər verir.

 
Buta.media xəbər verir ki, bunu kulis.az-a millət vəkili Fazil Mustafa deyib.
 
Onun sözlərinə görə, maarifçilərin tənqid etdiyi din əslində peyğəmbərin təbliğ etdiyi İslam dini olmayıb:
 
"Bu azərbaycanlıların dünən də, bu gün də yaşadıqları ənənəvi spesifik cəhalət, nadanlıq dini olan İslamdır. Burada necə müsbət obraz tapa bilərsən ki? Baş düşünmək üçündür, adam xəncər götürüb yarır! Din özünü islah etməyi, ədalətli insan olmağı tələb edir, adam əsrlərdir teatr düzəldib ağlayır, sızlayır, başqasını da ağlatmaq üçün mərsiyə deyir. 
 
Din adamdan əxlaqını, etibarlılığını, tolerantlığını təkmilləşdirməyi tələb edir, adam gedib saqqalının uzunluğu ilə, şalvarının qısalığı ilə öyünür. İslam qadına hürr iradə bəxş edir, bu gedib onu çadranın altına soxub təhsilsiz qoyur.
 
Bizdə yenə Məhəmməd Əmin bəyin, Üzeyir bəyin Azərbaycanında bu anormallıqlar Sovet sisteminin hesabına müəyyən dərəcədə dəyişmək mümkün oldu. İndiyədək Azərbaycanın Mirzə Cəlil, Sabir, Haqverdiyev, Üzeyir bəy kimi yazarlarından kənarda tariximizdə gerçək islahatçı din adamına rast gəldinizmi? 
 
Paradoksaldır ki, hər zaman zəncirin, ələmin, xəncərin, “İşid” avtomatının zərbəsinin altına yazıçı başını qoyub e! Ona görə də milləti yanlış İslamla, ənənəvi islamla öz dinindən iyrəndirən bir zümrəyə lağlağıdan başqa hansı münasibət sərgilənməliydi? İslam mənim inancıma görə həqiqətən bir ədalət dinidir, elmi biliklər qazanmağa, insan əxlaqını təkmilləşdirməyə, düşünməyə, faydalı olmağa, dəyərlərini paylaşmağa sövq edən dindir. Xalqımızın əhəmiyyətli hissəsinin dünən də, bu gün də yaşadığı din bizi, vətənimizi, dövlətimizi, müasir dəyərlərimizi potensial çöküşə hazırlayan bir virusdur". 

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ