Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov və onunla birgə ittiham olunan şəxslərin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
“Qafqazinfo”nun məlumatına görə, Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən iclasa jurnalistlər buraxılmayıb.
Bildirilib ki, məhkəmə sədri Zeynal Ağayevin göstərişi var ki, jurnalistlər prosesə buraxılmasın. Səbəblərdən biri kimi məhkəmə-iclas zalının dar olması qeyd edilib.
Lakin müşahidə etdik ki, təqsirləndirilən şəxslərin qohumları məhkəməyə buraxılır. Təəssüflər olsun ki, bir nəfər jurnalistə belə zalda yer tapılmayıb.
Hazırda iclas davam edir.
Qeyd edək ki, Müdafiə Nazirliyinin Maliyyə İdarəsinin rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov, Quru Qoşunların maliyyə idarəsinin rəisi Bayram Bayramov və maliyyə idarəsinin zabiti Vüsal Əlizadə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs ediliblər.
Təqsirləndirilən şəxslər hər biri Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham olunurlar.
İş üzrə dövlətə dəymiş ziyan 100 milyon manata yaxındır.
İbtidai istintaq müddətində iş üzrə ziyanın 40 milyon manat təşkil edən hissəsi ödənilib.