Laçında saxlanılan erməni futbolçular ölkələrinə təhvil verildi

Laçın sərhəd-keçid məntəqəsində saxlanılaraq inzibati qaydada həbs edilən erməni futbolçular - Alen Sarqsyan, Vahe Hovsepyan və Levon Qriqoryan qarşı tərəfə təhvil verilib.

Sentyabrın 7-si onların 15 günlük həbs müddəti başa çatıb.

Məhkəmənin qərarına uyğun olaraq futbolçular cəzaları başa çatan kimi dərhal ölkədən çıxarılıblar.

Erməni mediasının yaydığı xəbərə görə, onlar Bakı vaxtı ilə saat 15:30-da Həkəri çayı üzərindəki sərhəd-keçid məntəqəsindən Ermənistan tərəfinə təhvil verilib.

Qeyd edək ki, futbolçular Azərbaycan bayrağını təhqir edərək bunu əks etdirən görüntüləri sosial şəbəkələrdə yayıblar. Həmin vaxt onlar barəsində cinayət işi başlanılıb, barələrində həbs qətimkan tədbiri seçilib.

Təqsirləndirilən şəxslərin yaşı, törətdikləri əməli səmimi etiraf etməklə peşman olmaları nəzərə alınıb və cinayət prosessual qanunvericiliyin tələblərinə əməl olunmaqla humanizm prinsipi tətbiq edilərək onların barəsində cinayət təqibinə xitam verilib.

Onlar barəsində İnzibati Xətalar Məcəlləsinin 388-1-ci (İnternet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi) maddəsi ilə inzibati icraat başlanıb, qeyd olunan şəxslərin barəsində məhkəmənin qərarı ilə 10 gün müddətə inzibati həbs tətbiq olunub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ