“Liverpul”un baş məşqçisi Yurgen Klopp əsil peşəkar və dahi mütəxəssisdir. Bu, həqiqətən belədir”.
Buta.media-nın məlumatına görə, bunu Azərbaycanın tanınmış yazıçısı Çingiz Abdullayev sosial media hesabında deyib.
O, “Liverpul”un baş məşqçisi Yurgen Kloppun Avropa Liqasının finalının Bakıda keçirilməsi barədə xoşagəlməz fikirlərinə münasibət bildirib:
“Amma onun Bakının seçimi ilə bağlı dedikləri məni təhqir etdi. O soruşub ki, final oyununun keçirilməsini Bakıya həvalə etdikdə səhər yeməyində nə yeyiblər? İndi isə mən herr Kloppdan dəqiqləşdirmək istəyirəm. O mənim ölkəmin ünvanına belə nalayiq ifadələr işlədərkən səhər nə yemişdi?
Alman Kloppa sadəcə xatırlatmaq istəyirəm ki, milliyyətçi sosializmin ideologiyası əsasında xalqların “arilər” və məhvə məhkum ikinci dərəcəlilərə bölünməsi durur. Bütün bu slavyanları, yəhudiləri, qaraçıları. Əlbəttə, yox. O belə vəhşi bəyanatlarla çıxış etmir. Amma başqa ölkə və başqa xalqa çox güclü elementar laqeydlik təsiri bağışlayır”.
Yazıçı Böyük Britaniya Xarici İşlər Nazirliyinin bəyanatına da münasibətini açıqlayıb:
“Böyük Britaniya sivilizasiyanın inkişafına və mədəniyyətə xüsusi töhfə verib. Öz dili, öz tarixi, öz ədəbiyyatı, elmi və musiqisi ilə. Mənim bu ölkəyə hörmətim hədsizdir. Amma turistlərin Bakıda gecə hücumundan ehtiyatlanmalı olması ilə bağlı bəyanat çox yanlışdır. Mənə son illərdə yaxınlığında xaricilərin soyulduğu bar və restoran göstərin. Heç olmasa bir neçə dənə.
Yoxsa sübut etmək lazımdır ki, Bakı Londonla müqayisədə daha təhlükəsizdir. Bu gün Bakı MDB ölkələrinin ən təhlükəsiz şəhərlərindən biridir. Son illərdə biz bütün dünyaya yayımlanan beynəlxalq tədbirlər keçirmişik. Haradasa xaricilərlə bağlı münaqişə barədə eşitməmişəm. Hətta əksinə, ingilis azarkeşlərin çılğınlığından ehtiyatlanmalıyıq ki, onların da bəzilərini Avropa qitəsinə buraxmırlar. Centlemenlər, yaxşı deyil. Tam düzgün deyil. Mən qıcqırmış vətənpərvər və millətçi deyiləm. Amma ölkəmlə xalqımı nümayişkaranə və haqsız yerə acılayırlarsa, sadəcə olaraq susa bilmirəm”.
Xatırladaq ki, Avropa Liqasının finalı mayın 29-da keçiriləcək. Həlledici görüşdə “Arsenal” “Çelsi” ilə üz-üzə gələcək.