Çoban məhkəmədə gömrükçünü uddu

Dövlət Gömrük Komitəsinin əməkdaşı təsərrüfatında çoban işləyən qohumunu xüsusi ittiham qaydasında məhkəməyə verib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Balakən rayonunda gömrük orqanında işləyən Mübariz Ağayev iddia edib ki, dayısı oğlu Şahin Eldarov telekanallardan birində yalan məlumat verərək ona böhtan atıb.

Məsələnin mahiyyəti ondan ibarətdir ki, təqsirləndirilən Ş.Eldarov uzun müddət xüsusi ittihamçının təsərrüfatında çobanlıq edib, onun heyvanlarına baxıb. Aralarındakı qeyri-rəsmi razılaşmaya görə, M.Ağayev zəhmət haqqının əvəzi olaraq heyvanların bir hissəsini Şahinə verməli imiş.

Bir müddət sonra qohumlar arasında mübahisə yaranıb. M.Ağayev bütün heyvanları çobanlıq edən qohumundan alıb, əvvəlcədən olan sövdələşməyə də əməl etməyib.

Problemin həlli üçün təqsirləndirilən şəxs dəfələrlə Dövlət Gömrük Komitəsinə şikayət edib, qohumunun əməlləri barədə məlumat verib. Mütəmadi şikayətlər araşdırılıb və sözügedən şəxsin onun təsərüfatında əmək müqaviləsi olmadan işlədiyi məlum olub. Bununla bağlı Xidmət tərəfindən M.Ağayevə şiddətli töhmət də verilib.

Təqsirləndirilən şəxs bununla da kifayətlənməyərək televiziya kanallarından birinə müraciət edib, reportajda vəzifəli qohumunun onu aldatdığını, haqqı olan 180 baş heyvanı ona vermədiyini deyib. Xəbərlər buraxılışının aparıcısı isə təqsirləndirilən şəxsə münasibətdə "Çobanın haqqını kəsiblər, zəhmətinin qarşılığını vermirlər, halbuki gecəsini gündüzünə qatıb, evindən ayrı düşən bu şəxs böyük bir sürünü otarmaqdan başqa, onu canavar və çaqqaldan qorumaqla həyatını riskə atıb”, - ifadələrdən istifadə edib.

Qohumunun davamlı şikayətləri ilə bağlı gömrükçü məhkəmədə xüsusi ittiham qaydasında iddia qaldırıb. O, təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 147.1-ci ( böhtan) maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsini tələb edib.

M.Ağayev deyib ki, çobana heç bir borcu yoxdur, qohumlarına nisbətən imkanlı olduğu üçün ünvanına deyilənlər şantaj və böhtan xarakteri daşıyır.

İşə Yasamal Rayon Məhkəməsində baxılıb. Məhkəmə gömrükçünün iddiasını əsaslı sayaraq ona böhtan atıldığının faktlarla sübut olunduğunu elan edib. Qərara əsasən, Şahin Eldarovun aylıq qazancından 15 faiz məbləğində dövlət nəfinə pul tutulmaqla 6 ay müddətə islah işləri cəzasına məhkum edilib.

Təqsirləndirilən şəxs qərardan narazı qalaraq apellyasiya şikayəti verib. Bu dəfə işə Bakı Apellyasiya Məhkəməsində baxılıb. Hakim Habil Məmmədovun sədrlik etdiyi hakimlər heyəti cinayət işinin materiallarını hərtərəfli araşdırıb, dəlil və sübutları yenidən tədqiq ediblər. Məhkəmə belə qənaətə gəlib ki, təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlı əvvəlki qərar işin faktiki halları ilə uyğun deyil. Qeyd edilib ki, şəxsin  şikayətini televiziya kanalı vasitəsilə işıqlandırması cinayət əməli hesab oluna bilməz.

Qərara əsasən Şahin Eldarovun əməlində cinayət tərkibi olmadığından ona bəraət verilib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ