Bakıda borca görə prospektin işıqları söndürüldü - VİDEO

“Gəncə prospekti bir aydır ki, zülmət qaranlıq içindədir. İşıqları qənaət üçün söndürürlər, yoxsa gözləyirlər ki, kimisə maşın vurub can alsın?”

Buta.media-nın məlumatına görə, “Qafqazinfo” xəbər verir ki, son bir aydır ki, bu kimi paylaşımlar sosial şəbəkələrdə tez-tez qarşımıza çıxır. Şikayətdə qeyd olunan Gəncə prospekti ilə yanaşı paytaxtın bir neçə prospektlərində də analoji hal müşahidə olunur.

Gecə saatlarında küçə və prospektlərdə müşahidə olunan qaranlıq isə piyada vurulması ilə nəticələnən qəzaları, avtomobillərdə oğurluq hallarının sayını artırır. Odur ki, yaranmış bu vəziyyət paytaxt sakinlərinin, ələlxüsus da, sürücülərin haqlı narazılıqlarına səbəb olub.

Məsələylə bağlı Bakı Şəhər Küçə İşıqları İdarəsinin Xətai rayon şöbəsindən “Qafqazinfo”ya bildirilib ki, prospekti işıqlandıran kabel sistemində nasazlıq yaşanıb, problem bir neçə günə öz həllini tapacaq:

“Bundan başqa, prospektdə yerləşdirilmiş elektrik şkaflarında oğurluq halları baş verib. Problem təqribən bir həftəyə yaxındır, yaranıb. Sabah yox, birigün tam həll olunacaq”.

“Qafqazinfo”nun əldə etdiyi digər məlumata görə, küçədə işıqların söndürülməsinin əsl səbəbi qurumun “Azərişıq” ASC-yə olan borcudur. Məlumatı “Azərişıq” ASC-nin mətbuat katibi Tanrıverdi Mustafayev də təsdiqləyib. Bildirib ki, işıqlar həqiqətən borca görə söndürülüb.

Bu arada paytaxtdakı təzadlı bir vəziyyətə də toxunaq Belə ki, Xətaidə gecə tapılmayan işığa, Nəsimi rayonu, Puşkin küçəsində günorta saatlarına kimi rast gəlmək mümkündür.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ