“Xankəndiyə göndərilən unun köhnə olması iddiaları əsassızdır”

Bakıdan Xankəndiyə göndərilən 40 ton un məmulatının köhnə və keyfiyyətsiz olması barədə erməni tərəfinin iddiaları əsassızdır.

APA xəbər verir ki, bu barədə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin nümayəndəsi Elşən Səlimzadə humanitar yükün gözlədiyi ərazidə xarici media qurumlarının əməkdaşlarına deyib.

O bildirib ki, hər birində 20 ton olmaqla iki yük maşınına yüklənmiş əla növ ərzaqlıq buğda unu 28 avqust 2023-cü ildə istehsal edilib.

Qeyd edək ki, avqustun 29-da Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) tərəfindən Qarabağda yaşayan erməni əsilli sakinlər üçün 40 ton un göndərilib. Un yüklü iki avtomobil dünəndən Rusiya sülhməramlılarının Ağdam-Xankəndi yolundakı postunda gözləyir.

Humanitar yükün Xankəndiyə çatdırılmasına şərait yaradılması üçün Rusiya sülhməramlı kontingentinin komandanlığına müraciət olunub.

“Bloomberg”, “Getty İmage” və digər media qurumlarının əməkdaşları Bakıdan Xankəndiyə göndərilən humanitar yüklə bağlı vəziyyəti öyrənmək üçün humanitar yükün gözlədiyi əraziyə gəliblər.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ