Hakimin özünə ölüm hökmü çıxarmasının sirri: 20 dəqiqə əvvəl dostuna nə deyib?

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Rahib Salmanov intihar etməsinin səbəbləri barədə bir-birini təkzib edən xəbərlər yayılır. Hətta onun öldürülə biləcəyi ehtimalı da irəli sürülür.

Bakipost.az hakimin intiharına ailə münaqişəsinin səbəb olduğu haqda xəbər yayıb. Sayt yazır ki, həyat yoldaşı ilə boşanma ərəfəsində olan Rahib Salmanovun bu səbəbdən özünü öldürdüyü deyilir. Ailənin dağılmasını istəməyən hakim özünə qəsd edəcəyi ilə bağlı xəbərdarlıq edib. Hətta onun bundan əvvəl də intihara cəhd etdiyi bildirilir. Rahib Salmanovun xəstəxanaya getməsinin səbəbinə gəlincə, məlum olub ki, o ürək-qan damar sistemi xəstəliyindən əziyyət çəkirmiş.

Hakimin yaxın çevrəsindən musavat.com-a bildiriblər ki, Rahib Salmanov ailə münaqişəsi səviyyəsində intihar edəcək adam olmayıb:

“Ailəsi ilə bağlı qərar uzun illər əvvəl verilmişdi, hazırda heç bir problem yox idi”.

“Rahib Salmanov ötən gün işdə olub, xəstaxanaya da elə işdən gedib”.

Bu sözləri Globalinfo.az-a intihar etdiyi deyilən hakim Rahib Salmanovun tələbə yoldaşı, 35 illik dostu, Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) rəhbəri Arzuxan Əlizadə deyib. O, dostu ilə hadisədən 20 dəqiqə əvvəl danışdığını bildirib:

“Dedi ki, 4-5 gün xəstəxana şəraitində müalicə almalıdır, amma qorxulu heç nə yoxdur. Bu, intihar edən adamın danışığı deyildi. Hansısa ağır xəstəliyi də yox idi. Ürəyində bir balaca narahatlıq var idi, lakin müalicə ilə sağalacaqdı. Ola bilərdi ki, nə vaxtsa stend qoyulsun. Düşməni də yox idi. Ehtimal edirəm ki, halı pisləşib, eyvandan yıxılıb. İstənilən halda, istintaq araşdırması gedir, görək nəticəsi necə olacaq”.

Arzuxan Əlizadə hakimin bu gün dəfn olunacağını deyib:

“Çox güman ki, “Təzə pir” məscidindən götürüləcək. Valideynləri və qardaşı Sulutəpə qəbiristanlığında dəfn olunublar deyə, Rahibi də orada dəfn edəcəklər”.

Qeyd edək ki, ötən gün Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Rahib Vaqif oğlu Salmanovun müalicə aldığı xəstəxananın yuxarı mərtəbəsindən özünü ataraq həyatına son qoyduğu bildirilib. Rahib Salmanov 1963-cü ildə anadan olub. O, 2013-cü ildən Bakı Ağır Cinayətlər Məhkəməsində çalışırdı.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ