“Vaqner” özəl hərbi şirkətin təsisçisi Yevgeni Priqojinin təyyarələrindən biri, Embraer ERJ-135BJ Legacy 650 avqustun 24-də Bakıya uçub. Bunu “Flightradar” uçuş izləmə xidmətinin məlumatları sübut edir. Bu mənbəyə görə, təyyarə Moskvadan saat 15:30-da qalxıb və saat 19:04-də Bakı hava limanına enib.
Rusiya mənbələri bildirirlər ki, bu, “Vaqner” özəl hərbi şirkətin təsisçisi Yevgeni Prigojinə məxsus iki təyyarədən biridir. Qeyd edək ki, o, avqustun 23-də Rusiyanın Tver vilayətində qəzaya uğrayan təyyarədə həlak olub.
Avqustun 23-də ikinci Embraer Priqojinin təyyarəsinin ardından Moskvadan Sankt-Peterburqa uçub. Lakin Prigojinin təyyarəsi qəzaya uğrayandan sonra ikinci təyyarə Moskvaya qayıdıb və növbəti gün Bakıya uçub.
“Flightradar”ın məlumatına görə, pilot Arslan İslamovun idarə etdiyi həmin Embraer-135 BJ Legacy təyyarəsi avqustun 25-də yerli vaxtla saat 15:00-da Bakıdan Moskvaya uçacaq, Moskva vaxtı ilə saat 17:03-də Moskvaya çatmalıdır.
Bu təyyarə ilə Bakıya gələn sərnişinlər haqda heç bir məlumat yoxdur.
Xatırladaq ki, avqustun 23-də Tver vilayətinin Kujenkino kəndi yaxınlığında özəl təyyarə qəzaya uğrayıb. Hadisə şahidlərinin sözlərinə görə, təyyarə yerə çırpılmazdan əvvəl partlayış səsi eşidiblər. Qəzaya uğrayan təyyarə RA-02795 seriya nömrəsi daşıyıb ki, bu da hava gəmisinin Yevgeni Priqojinə məxsus olduğunu göstərir.