“Son günlər mediada, o cümlədən sosial şəbəkələrdə ən çox müzakirə edilən mövzulardan biri məscid və ziyarətgahlarda ianələrin toplanması, daha doğrusu, nəzir qutuları ilə bağlıdır. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin məsələ ilə bağlı dəfələrlə mövcud vəziyyət və qanunvericilik bazası barədə açıqlama verməsinə baxmayaraq, təəssüf ki, hələ də bəzi mətbuat orqanlarında yanlış fikirlər tirajlayanlar, Dövlət Komitəsinə qarşı haqsız və əsassız ittihamlar səsləndirənlər var”.
Bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Mətbuat xidmətinin yaydığı məlumatda bildirilib.
Qeyd edilib ki, bu cür əsassız ittihamlar bəzən bilərəkdən, bəzən də bilməyərəkdən tirajlanır, nəticədə ictimaiyyətdə ianələr, o cümlədən nəzir qutuları, habelə Dövlət Komitəsinin fəaliyyəti barədə yanlış rəy formalaşdırmağa cəhd edilir:
“İanələr və nəzir qutuları ilə maraqlanan, bu məsələdə qərəzsiz və obyektiv fikir bildirmək istəyənlərdən xahiş edirik ki, mediada və sosial şəbəkələrdə nəsə yazmadan öncə “Dini etiqad azadlığı haqqında” Qanuna ötəri də olsa, nəzər yetirsinlər.
Qanuna əsasən, dini qurumlar (dini ibadət yerləri) könüllü ianələr üçün müraciət edə, habelə bu ianələri, o cümlədən ianə edilmiş pul vəsaitlərini nağd və ya bank, poçt, plastik kart, elektron ödəmə sistemləri, yaxud internet vasitəsilə qəbul edə bilərlər.
İanələrin elektron şəkildə toplanması, sərf olunması ilə əlaqədar Qanundan irəli gələn məsələləri tənzimləmək üçün müvafiq qaydaların layihəsi Dövlət Komitəsi tərəfindən hazırlanaraq Nazirlər Kabinetinə təqdim edilib. Qeyd olunan qaydalar təsdiq olunduqdan sonra ictimaiyyətə ianələrlə bağlı mexanizmin hansı formada tənzimlənəcəyi ilə bağlı ətraflı məlumat veriləcək.
Bir daha bildiririk ki, sözügedən qaydalar təsdiqlənməyənə qədər Dövlət Komitəsinin nəzir qutuları və ianələrlə bağlı məsələləri tənzimləməsi, eləcə də nəzarət etməsindən danışmaq doğru deyil və əsassızdır”.