Bakı şəhərində sürücü və Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsinin əməkdaşları arasında gərginlik yaşanıb.
Hadisə Xətai rayonunun Xaqani Rüstəmov küçəsində baş verib.
Belə ki, iki polis əməkdaşı ilə VAZ-2107 avtomobilinin sürücüsü arasında mübahisə baş verib. Nəticədə polis əməkdaşları sürücünü zorla maşına mindirərək polis bölməsinə aparıblar.
Məsələ barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin inspektoru, polis mayoru Fuad Sultanov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, videogörüntülər sürücünün polis əməkdaşlarına qarşı tabesizliyini əks etdirir:
“VAZ markalı, 10-MJ-407 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Amin Qurban oğlu Qabilova nəqliyyat vasitəsinin konstruksiyasında dəyişiklik və digər xətalara ( İXM-nin 329.1, 342.5 342.2.1 maddələri üzrə) görə yol polisləri tərəfindən “saxla” işarəsi verilib qayda pozuntuları izah olunduqdan sonra avtomobilin duracağa təmin olunmasının İXM-nin 96-cı maddəsinin tələbi olduğu bildirilib.
Sürücüyə etdiyi qayda pozuntusu izah edilən zaman o, yol polislərinə tabesizlik göstərməklə intizamsızlıq edib. Daha sonra həmin sürücünün ərazi üzrə polis orqanına aparılması təmin edilib”.
O qeyd edib ki, sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin 535-ci (Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) maddəsi ilə protokol tərtib edilib və baxılması üçün Xətai rayon məhkəməyə göndərilib. Məhkəmə sürücü barəsində 8 sutka inzibati həbs qərarı qəbul edib.