Bulvarda uşaqları pullu oyunlara cəlb edənlər kimlərdir? - video

Son günlərdə Bakı Dənizkənarı Bulvarında bir neçə şəxs qruplar şəklində toplaşaraq oyunlar təşkil edir. Oyun isə ondan ibarətdir ki, topu ataraq şüşəni kim bir atışa yıxmağı bacarsa, qalib olur.

İlk baxışdan normal, bir çox ölkələrdə rast gəlinən hal olsa da, problemli məqam başqadır. Belə ki, “oyunquran”ların əsas müştəriləri azyaşlılardır.

Maraqlı məqam isə budur ki, bulvar ərazisində, açıq şəkildə öz “biznes”lərini qurmuş bu şəxslər maneə ilə üzləşmədən işlərinə davam edirlər.

Bu cür halların baş verməsi qanunvericiliyə zidd olmaqla yanaşı, uşaqların psixologiyasına da ciddi zərbə vurur.

Psixoloq Elmir Əkbərin sözlərinə görə, uşaqları hər hansı pul qarşılığında oyuna cəlb etmək onların istismarıdır:

“Bu hal uşaq hüquqlarının kobud şəkildə pozulmasıdır. Mövcud hallarla bağlı ciddi tədbirlər görülməlidir. Uşaqlar da bilməlidirlər ki, onların müəyyən sərhədləri var. O sərhədlərə isə kənar adamlar daxil ola bilməz. Heç kimin onlara pullarını alaraq, nələrisə elətdirmək ixtiyarı yoxdur”.

Məsələ ilə əlaqədar Dənizkənarı Bulvar İdarəsinin mətbuat katibi Əfsanə Mehdiyeva Bizim.Media-ya açıqlamasında məsələ ilə bağlı araşdırma aparıldıqdan sonra açıqlama veriləcəyini qeyd edib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov isə bildirib ki, artıq polis əməkdaşları tərəfindən görülən tədbirlər nəticəsində qeyd edilən neqativ hal aradan qaldırılıb, oyunu təşkil edən şəxs barəsində qanunamüvafiq tədbir görülüb.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ