Müharibədə qalib gəlmək mənim həyatımın, siyasi həyatımın missiyası idi. Müharibə də uğurla başa çatdı. Biz bir çox amillərə baxmadan müharibədə qalib gəldik: siyasi amillərə, bizim hərbçilərimiz üçün bir neçə müdafiə səddinin qırılmasını çətinləşdirən işğal edilmiş ərazilərdə uzunmüddətli infrastruktur layihələrinin olması amillərinə baxmadan.
Bu fikirləri Prezident İlham Əliyev “Euronews” televiziyasına müsahibəsində söyləyib.
İlham Əliyev вунши лш, bəzi yerlərdə onların minalarla dolu beş, digər yerlərdə isə yeddi müdafiə səddi var idi:
"Yəqin ki, Füzulidən gələndə yolun yuxarıya doğru getdiyini görmüsünüz. Bizim hərbçilərimiz məhz bu yolla buraya gəliblər. Sizin gəldiyiniz, sonradan “Zəfər yolu” adlandırdığım bu yol mövcud deyildi. Bu, bizim hərbçilərimizin Şuşaya doğru necə irəliləməsini göstərən yol idi. Onlar bu qayalı dağlara dırmaşırdılar. Beləliklə, bu amillərə, böyük erməni diasporuna malik bir çox ölkələrin güclü siyasi dəstəyinə baxmayaraq, biz düzgün olanı etdik. Biz ədaləti və ərazi bütövlüyümüzü bərpa etdik. Biz öz torpağımızda vuruşduq. Biz Ermənistanın torpağında savaşmadıq və biz Zəfər çaldıq. Beləliklə, bu, artıq tamamlanmış bir nömrəli missiya idi. İndi isə biz sülh haqqında danışırıq.
Otuzillik işğaldan əziyyət çəkmiş ölkəmizin işğal altında olan əraziləri tamamilə məhv edilmişdir. Şuşada qeyri-qanuni məskunlaşmalar olduğu üçün şəhər tamamilə dağıdılmamışdır. Onlar Orta Şərqdən olan erməniləri burada məskunlaşdırmaq istəyirdilər və burada bir neçə min erməni yaşayırdı. Məhz buna görə heç də bütün şəhərlər dağıdılmamışdır. Lakin Füzuli tamamilə yerlə-yeksan edilmişdir, Ağdamda da vəziyyət eynidir. Demək olar ki, bir milyon azərbaycanlı evindən məhrum olmuşdur. Bütün bu acıya baxmayaraq, biz qisas almadıq. Mən dedim ki, biz qisası döyüş meydanında alacağıq, lakin Ermənistan müharibənin ilk günündən mənim tələb etdiyim bütün ərazilərdən geri çəkiləcəyi tarixləri bizə təqdim edən kimi biz dayandıq və sonra da sülh haqqında danışıqlara başladıq. İndi sülh bizim gündəliyimizdədir. Ermənistan sülh istəyərsə, biz ona nail olacağıq. Çünki bizim Ermənistana qarşı hər hansı bir ərazi iddialarımız yoxdur. Biz onların da Azərbaycana qarşı ərazi iddialarının olmamasını istəyirik".