İranda casusluq ittihamı ilə həbs olunan Fərid Səfərlinin məhkəmə araşdırması yekunlaşmaq üzrədir.
Bu barədə “Qafqazinfo”ya onun anası Dilarə Əsgərova məlumat verib.
Ananın sözlərinə görə, iki gün əvvəl oğlu ilə telefonla danışıb. F.Səfərli son sözə hazırlaşmaq üçün məhkəmədən avqustun 3-ə kimi vaxt verildiyini deyib: “Fəridə deyiblər ki, avqustun 3-də hökm oxunacaq. Həmin gün üçün son sözə hazır olmalıdır. Fərid son vaxtlar məhkəmədə ciddi psixoloji təzyiqə məruz qalır. Bəzi məsələrlə bağlı vəkilə ehtiyacı olduğunu bildirdi. Azərbaycanın İrandakı konsulluğu bir neçə vəkil məsləhət görsə də, vəkillər xidmət haqqını həddən çox istədiklərinə görə razılaşa bilmədik.”
Qeyd edək ki, Almaniyanın Yena Universitetinin tələbəsi Fərid Səfərli fevralın 20-də eyni universitetdə təcrübə keçmiş həkim sevgilisini görmək üçün Tehran şəhərinə gedib. O, martın 5-də Almaniyaya qayıtmalı olsa da, geri qayıtmayıb. Sonradan onun casusluq ittihamı ilə həbs olunduğu məlum olub. O, istintaq və məhkəmə dövründə verilmiş ittihamlarla əlaqəsiz olduğunu deyib.