Motosiklet sürücüsünü ölümlə üz-üzə qoyan şəxs onu təhdid etdi - video

Bakıda yol hərəkəti qaydasını kobud şəkildə pozan sürücü qəza şəraiti yaratdı.

Bu barədə videogörüntü sosial şəbəkələrdə paylaşılıb.

Belə ki, “Hyundai” markalı 50-DG-097 dövlət nömrə nişanlı avtomobilin sürücüsü dönmə əməliyyatı üçün nəzərdə tutulmayan yerdən dönərək qarşıdan gələn motosiklet sürücüsünə qəza şəraiti yaradıb. 

İddiaya görə, qoşa xəttin tələblərini pozaraq qəza şəraiti yaradan “Hyundai” markalı avtomobilin sürücüsü özünü polis əməkdaşı kimi təqdim edib. Eləcə də Bakıxanov qəsəbəsində “Razin” adlanan küçədə “Totu” ləqəbli şəxsin adını çəkərək motosiklet sürücüsünə hədə-qorxu gəlib.

Məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinə sorğu verilib.

Oxu.Az-a açıqlama verən Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli bildirib ki, sürücü qoşa xəttin tələbinə əməl etməyərək yol hərəkəti qaydasını kobud şəkildə pozur:

“Sürücünün əməli barəsində İnzibati Xətalar Məcəlləsinin (İXM) 327.2 maddəsinə müvafiq olaraq üç bal və 60 manat məbləğində cərimə tətbiq edilməklə hüquqi qiymət veriləcək. Faktla bağlı araşdırma aparılarkən vətəndaşın şikayətinə uyğun olaraq əlavə xüsuslara da hüquqi qiymət veriləcək”.

A.Əsgərli bu kimi hallarda sürücülərin tanımadığı, təsadüfi insanlarla lüzumsuz olaraq əlavə gərginliyə səbəb ola biləcək mübahisəyə getməsinin məqbul hesab etmədiyini deyir:

“Avtomobil və ya motosikletlərdə olan videoqeydiyyatçı, şəhərin təhlükəsizlik kameraları, eləcə də digər xüsusi avadanlıqlar mövcud qayda pozuntularını lentə alır. Bu isə artıq kimin məsuliyyəti nədirsə ona uyğun qiymət verilməsi üçün sübut bazası kimi istifadə olunur. Sürücü, ümumilikdə isə zərərçəkən, hüququ pozulan şəxs üçün də əsas olan budur. Qəza şəraiti yaradan, qanunu pozan sürücünün sadəcə “üzr istəyirəm, görmədim, bilmədim, fikirli idim” kimi sözlər deməsi, əlbəttə ki, yol verdiyi qayda pozuntusuna bəraət qazandırmır.

Lakin bunu tənzimləmək, qanuni tədbir görmək digər hərəkət iştirakçılarının və ya üçüncü şəxsin yox, Dövlət Yol Polisi əməkdaşının borcudur. Əgər zərurət yaranıbsa prokurorun və məhkəmənin də səlahiyyət çərçivəsinə daxil olan məsələ ola bilər. Vətəndaşlardan xahiş edirik ki, əlavə mübahisələrə gedib, haqlı ikən haqsız vəziyyətə düşəcək addımlar atmasınlar.

Dövlət qurumlarının funksiyasını heç kim öz üzərinə götürməməlidir. Polisə müraciət etmək istəyənlər üçün imkanlar çox genişdir. DYP-nin isə əlavə olaraq qaynar xətti, şikayətlərə operativ qaydada reaksiya verilməsi üçün isə, hətta “WhatsApp” nömrəsi də aktivləşdirilib. Şikayətlə bağlı əllərində olan video və ya foto görüntüləri həmin nömrəyə göndərmək kifayət edir. 

Xatırlatmaq istəyirəm ki, bir neçə il öncə Nərimanov rayonunda cəmi 40 manat cəriməsi olan qayda pozuntusuna görə iki sürücü arasında yaşanan mübahisə gərginləşərək cinayətlə yekunlaşmışdı. Hərəkət iştirakçılarını qaydalara riayət etməyə, təmkinli olmağa və hər bir çətin vəziyyətdə səbirli olub aidiyyəti üzrə polisə müraciət etməyə çağırırıq”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ