“Xaçatryanın olduğu silahlı dəstə şagirdimi məktəbdə yandırıb” - direktor

"İçərisində Vaqif Xaçatryanın da olduğu silahlı dəstə şagirdimi məktəbdə yandırıblar".

Report xəbər verir ki, bunu Meşəli kənd orta məktəbinin keçmiş direktoru Alış Alışov bildirib.

"Bu hadisələrdən öncə dəfələrlə ermənilər bizim kəndin camaatına qarşı düşmənçilik hisslərini göstəriblər. Onlar müharibə başlayandan mütəmadi olaraq kəndi atəşə tuturdular. Bir dəfə dərs zamanı məktəbi raketlə vurdular, xəsarət alanlar oldu. Məktəbə ciddi zərər dəydi", - A.Alışov deyib.

Onun sözlərinə görə, 1991-ci il dekabrın 23-də səhər saatlarında erməni hərbçiləri kəndi 3 yerdən atəşə tutaraq hücuma keçir. Həmin vaxt məktəb direktoru və özünümüdafiə dəstəsinin komandir müavini olan A.Alışov həmin günü belə xatırlayır:

"Bizdə sadəcə 11 təlim avtomatı və bir neçə ov tüfəngi var idi. Kəndin müdafiəsinə gələn 10 əsgər də bizimlə döyüşürdülər. Ermənilər kəndi dayanmadan atəşə tutaraq günahsız dinc sakinlərimizi xüsusi amansızlıqla qətlə yetirirdilər. Yaşlı, cavan, qadın, uşaq demədən hər kəsə divan tuturdular. Mənim şagirdlərimdən biri, 7-ci sinifdə oxuyan 14 yaşlı Allahverdiyev Vidadi Müsül oğlunu məktəbin içərisində yandırmışdılar. Onun külünü atası əlləri ilə yerdən yığıb bir qutuya doldurdu və Laçında qəbiristanlıqda torpağa tapşırdı. Erməni silahlı dəstəsinin öndə gedənlərdən biri də Vaqif Xaçatryan idi. O həm qatil, həm də talançı idi. Qətlə yetirilən sakinlərin evinə soxularaq orada pul, qızıl-zinət və digər ev əşyalarını mənimsəyirdi. Həmin vaxt kənd sakinlərindən birini yaralı halda özü ilə girov da aparmışdı. Sonradan bildik ki, Barat adlı gənc özünü maşından ataraq qaçıb".

A.Alışov Xaçatryanın saxlanıldığını eşidəndə qürur hissi yaşadığını vurğulayıb:

"Şükürlər olsun ki, cinayətkar ələ keçdi və qanunvericiliyə uyğun olaraq öz cəzasını çəkəcək. Onunla yanaşı, digərlərinin də cəzasını çəkməsini arzu edirəm".

Qeyd edək ki, Alış Alışov hazırda Goranboy rayonunun Meşəli qəsəbəsində məskunlaşıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ