Deputatın quşçuluq ferması ətraf mühiti çirkləndirir. Narazı olanlara “satqın” deyirlər

Lənkəran rayonunun Təngivan kənd sakinləri Lerik rayonunun Piran kəndində yerləşən “Lerik Broyler” MMC-yə məxsus “Lebro” quşçuluq kompleksinin ətraf mühiti sistemli şəkildə çirkləndirdiyini iddia edirlər.

Kənd sakinləri şikayət edirlər ki, gecə saatlarında şirkətin əməkdaşları ev quşlarının kəsilməsi zamanı tullantıları yandırır, nəticədə bütün rayona kəskin üfunət iyi yayılır, quşların içalatı və qanı birbaşa Lənkərançay çayına tökülür.

Təngivan kənd sakini Vüqar Əliyev “Haqqin.az”a bildirib ki, o, həmkəndliləri ilə sosial şəbəkələrdə dəfələrlə baş verənlərlə bağlı yazıb, foto və videofaktlar göstəriblər.

Sakinlərin sözlərinə görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətt”inə dəfələrlə şikayətlər daxil olan “Lebro” quşçuluq kompleksi səbəbindən insanlar uzun illərdir ki, çaydan əkin sahələrini suvarmaq üçün istifadə edə bilmir, hətta oradakı mal-qaraya da bu sudan verməyə belə risk etmirlər.

Burada quşçuluq təsərrüfatı ilə yanaşı, çayın yatağını istismar edən qum-çınqıl karxanası da var, və bu mövcud vəziyyəti daha da ağırlaşdırır.

Aydınlaşdırmaq lazımdır ki, kənddə on ilə yaxındır ki, “Lebro” quşçuluq kompleksi fəaliyyət göstərir. Koronavirus pandemiyası zamanı türk iş adamına icarəyə verilib və kəndlilər heç bir problemlə üzləşmədikləri üçün bu dövrü minnətdarlıqla xatırlayırlar.

Lakin pandemiya başa çatdı və hər şey yenidən əvvəlki vaxtlara qayıtdı.

Ev quşları 20-30 gündən bir fabrikdə kəsilir. Bu prosesdə onlarla yerli sakin iştirak edir.

Kənd sakinlərinin verdiyi məlumata görə, “Lebro” quşçuluq ferması Milli Məclisin deputatı İqbal Məmmədova məxsusdur və şirkətə onun yaxınları rəhbərlik edir.

Millət vəkili İqbal Məmmədov

Təngivan kəndinin də daxil olduğu Rvo kənd bələdiyyəsinin sədri Kamal Hüseynov quşçuluq təsərrüfatının yaratdığı ekoloji problemlər barədə eşitdiyini, lakin bu məsələnin ərazi baxımından onun səlahiyyətinə aid olmadığını bildirib.

“İndi mən Xəzər dənizinin sahilində, Lənkərançayın töküldüyü ərazidəyəm”, - Hüseynov deyib. “Ancaq mən qeyri-adi bir şey görmürəm”.

Piran kənd bələdiyyəsinin keçmiş sədri Nəzakət İbrahimova isə Təngivan kənd sakinlərinin şikayətinə əsəbi reaksiya verib.

“Mənim İqbal Məmmədovla heç bir əlaqəm yoxdur, amma şikayət edənlər yalan danışırlar”, - İbrahimova bildirib. - Onlar satqındırlar, onlara daha nə ad vermək olar? Axı Lerikdən, Lənkərandan, Astaradan və başqa rayonlardan nə qədər insan broyler müəssisəsində işləyir, ailəsini dolandırır. Şirkətin ətraf mühiti və çayı çirkləndirdiyini heç kim sübut edə bilməz. Piran kəndində bu barədə heç nə eşitməyiblər”.

 

Çirklənmiş və Lənkərançay

Şirkətin rəsmi saytında bildirilir ki, “Lerik Broyler” MMC Azərbaycanda idxal olunan avadanlıqlarla təchiz edilmiş ən iri quşçuluq müəssisələrindən biridir.

“Lerik Broyler”in mətbuat xidmətindən bildiriblər ki, Təngivan kənd sakinlərinin irəli sürdüyü məhkəmə iddiası artıq mətbuatda müzakirə olunub və ona görə də onlar “əlavə şərhə ehtiyac görmürlər”.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Mühafizə Xidmətinin rəisi Hikmət Əlizadə “Araşdırma zamanı verilən şikayətlər öz təsdiqini tapmayıb”. - Düzdür, insanlar deyirlər ki, bütün qanun pozuntuları gecə saatlarında baş verir. Ona görə də əməkdaşımız regionda növbə çəkir”.

A.Əlizadə əlavə edib ki, “Lerik Broyler”ə ciddi xəbərdarlıq edilsə də, qanun pozuntuları sübuta yetirilməyənə qədər Ekologiya Nazirliyi tədbir görə bilməz.

“Ecofront” şirkətinin rəhbəri Cavid Qara hesab edir ki, broyler fabriki yaşayış məhəlləsinə və çaya bu qədər yaxın tikilməməli idi. Onun sözlərinə görə, quşçuluq fermasının tikintisinə icazə verən məmurlar qanunu pozublar.

“Biz dəfələrlə Piran kəndində olmuşuq və vəziyyəti hərtərəfli araşdırmışıq”, - deyə ekoloq vurğulayıb. “Burada üfunət iyi hiss olunur. Tullantılar yandırılanda isə daha dözülməz olur”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ