“Başqa yol yoxdur, oyun bitdi!” - Hikmət Hacıyev

"Ermənistan Azərbaycana qarşı ərazi iddialarına son qoymalı, öz qüvvələrinin bir hissəsini Azərbaycanın Qarabağ bölgəsindən çıxarmalı və qanunsuz marionet rejimini maliyyələşdirməyi dayandırmalıdır".

Bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev tviter hesabında bildirib.

O, Aİ ölkələrinin, həmçinin Türkiyə, ABŞ və İsveçrə səfirlərinin iştirakı ilə keçirilən görüşdən sonra qeyd edib ki, Ermənistan tibbi evakuasiya və çatdırılma üçün istifadə edilən Laçın yolu məsələsində siyasi manipulyasiya və spekulyasiya ilə məşğuldur. Xankəndindəki separatçıların marionet “liderləri” yerli əhalini öz siyasi ambisiyalarının girovu kimi saxlayırlar.

Prezidentin köməkçisi xatırladıb ki, Brüsseldə Ağdam-Xankəndi yolunun daha böyük həcmdə çatdırılma üçün istifadə edilməsi barədə razılıq əldə olunub. Bu, BQXK-nın bəyanatında da təsdiqlənib.

"Təkcə Laçın yolundan istifadə etməkdə israrlı olmaq, amma Ağdam yolundan imtina etmək, yolu bağlamaq, siyasiləşdirmək yolverilməzdir. Beynəlxalq ictimaiyyət Ağdam-Xankəndi yolundan istifadə edilməsi və Qarabağın erməni əhalisinin Azərbaycana reinteqrasiyası ilə bağlı aydın ismarış verməlidir. Başqa yol yoxdur! Oyun bitdi!", - deyə H.Hacıyev əlavə edib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ