Söyüdlüdə Nazirlər Kabinetinin dilə gətirmədiyi ciddi qanun pozuntuları üzə çıxdı

Ölkəmizdə “Azərbaycan İnternational Mayning Kompani Limited” şirkəti tərəfindən mədən-filiz əməliyyatlarının aparılmasında yol verilmiş qanun pozuntularına dair çox danışılsa da, cəmiyyətimizin bu pozuntuların nədən ibarət olduğuna dair məlumatlılıq səviyyəsi yetərincə deyil. Bəli, deyilir ki, ekoloji normalar pozulub, qadağan edilmiş kimyəvi vasitələrdən istifadə edilib, insanların həyatına təhlükə yaradılıb və s. Amma konkret faktlar ortaya qoyulmayıb.

Prezident İlham Əliyev məsələni şəxsi nəzarətinə götürərək Nazirlər Kabinetinə komissiya yaradılması, məsələnin tam araşdırılması və nəticələri barədə məlumat verilməsini tapşırmışdı. İyulun 11-də bu ilin 6 ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə çıxışı zamanı dövlət başçısı xarici şirkət tərəfindən  ekoloji problemlərin yaradılmasının, təbiətin məhv edilməsinin, insanların örüş, otlaq sahələrinin zəbt olunmasının, heç bir yerdən icazə almadan ikinci tullantı gölü yaratmasının yolverilməz olduğunu bildirmişdi və buna kimin icazə verdiyini  sual etmişdi. Prezident demişdi ki, “görünür, ya Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə sövdələşiblər, ya da ki, onu özbaşına ediblər, ona görə ciddi araşdırılmalıdır”.

Məsələnin maraqlı tərəfi də odur ki, məhz Prezidentin tapşırığından sonra baş nazir komissiya yaradaraq ekologiya və təbii sərvətlər nazirini onun rəhbəri təyin etdi. Komissiya bir müddət araşdırma aparsa da, sonradan verilən açıqlamalar ictimaiyyətdə belə bir təəssürat yaratdı ki, orqanlar problemi ört-basdır etmək yolunu tutublar. İlham Əliyevin tam haqlı olaraq qeyd etdiyi kimi, Nazirlər Kabinetinin müşavirəsində verilən açıqlamalardan bir şey başa düşülmədiyi kimi, nazir Muxtar Babayevin brifinqindən də konkret qənaət hasil etmək mümkün olmadı.

Sual açıq qalır, Nazirlər Kabineti, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi hara baxırdılar. Ən əsası, verilən tapşırıqlardan sonra nəyə görə ortaya anlaşılan bir nəticə çıxarılmadı? Yəqin ki, bu məsələlərə gec-tez aydınlıq gətiriləcək.

“Qafqazinfo”nun əldə etdiyi məlumatlarda isə, həm ayrı-ayrı dövlət orqanlarının, həm də “Azərbaycan İnternational Mayning Kompani Limited” şirkətinin fəaliyyətində ciddi qanun pozuntularının olduğu aydın görünür.

Hələ 1997-ci ildə “Azərqızıl Dövlət Şirkəti” ilə “Azərbaycan İnternational Mayning Kompani Limited” şirkəti arasında bağlanmış saziş əsasında sonuncuya Gədəbəy rayonu ərazisində mədən-filiz əməliyyatlarının aparılması üçün 300 hektar ərazi icarəyə verilib. 1998-ci ildə Azərbaycan Prezidentinin Fərmanı ilə həmin saziş qüvvəyə minib. Sazişə əsasən, həmin 300 hektarda şirkətə mədən-filiz əməliyyatları aparmaq üçün müstəsna hüquq verilsə də, yollar salmaq, binalar, qurğular  tikmək və digər bu kimi fəaliyyətin Azərbaycan qanunlarına uyğun aparılması tələbi qoyulub.

2000-ci ildə “Azərqızıl” Dövlət Şirkəti ləğv edildikdən sonra onun tabeliyində olan müəssisələr Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyinə verilib. Bundan sonrakı dövrdə şirkət tərəfindən iş proqramı, büdcə sənədləri, hesabatlar və s. hazırda Muxtar Babayevin rəhbərlik etdiyi orqana təqdim olunub.

İndiki dövrə kimi “Azərbaycan İnternational Mayning Kompani Limited” şirkəti tərəfindən 4 zavod tikilib, 2009-cu ildən isə qızıl və misin emalı həyata keçirilir. İlkin mərhələdə tullantı sular bilavasitə emalın aparıldığı zavodda reallaşdırılsa da, 2012-ci ildə bu məqsədlə emal sahəsindən 6.8 km aralıda yerləşən Söyüdlü kəndinin yaxınlığında yeni su anbarı inşa olunub. Maraqlıdır ki, su anbarının inşası heç bir rəsmi orqanla razılaşdırılmayıb. Bundan başqa, 2021-ci ildə şirkət baş nazirə müraciət edərək ayrılmış ümumi torpaq sahəsinin 78 hektarının tullantıxana kimi istifadə edilməsinə razılıq verilməsini istəyib. Nazirlər Kabineti ayrı-ayrı dövlət qurumlarının rəylərini alaraq 2023-cü ilin mayında 49 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin təyinatını dəyişdirərək şirkətin istifadəsinə verib. Maraqlıdır ki, Söyüdlü bələdiyyəsi həmin torpağın təyinatının dəyişdirilməsi ilə bağlı məsələ qaldırmayıb, hətta buna etirazını da bildirib. Amma Nazirlər Kabineti  səlahiyyəti olmadığı halda öz sərəncamı əsasında bələdiyyə torpağını şirkətin istifadəsinə verib. 

Beləliklə, ölkə qanunvericiliyinə zidd şəkildə, Gədəbəy rayonunun ərazisində torpaq ayrılması ilə bağlı sənəd olmadan, aidiyyəti dövlət orqanında layihələr təsdiq edilmədən, tikintiyə rəsmi icazə verilmədiyi halda, yalnız Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi əsas götürülərək 4 zavod, süni sututar və zəhərli sianidin axıdılması üçün borular kənd təsərrüfatı təyinatlı Arıxdam və Söyüdlü kəndlərinin ərazisində, vətəndaşlara ayrılmış pay torpaqlarında qanunsuz tikilib. Halbuki, qaydalara əsasən Gədəbəy RİH aidiyyəti dövlət orqanları ilə razılaşdırılmış və tikintiyə icazə verilməsinə dair qəbul edilmiş inzibati aktı Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə göndərilməliydi və agentlik tərəfindən tikintiyə icazə verilməliydi. Əslində isə nə FHN qanunsuz tikintinin qarşısını alıb, nə Ekologiya və Təbii Sərvətlər Nazirliyi faydalı qazıntıların çıxarılması və digər təyinatlı qurğuların  tikilməsi və istismarına nəzarət edib, nə torpaq sahələrinin qanunsuz tutulması və təyinatdan kənar istifadəsinə nəzarət edən qurum kimi o vaxtkı Əmlak Komitəsi bir iş görüb,  nə də Gədəbəy RİH bu pozuntuların qarşısını alıb. Heç buna cəhd belə göstərməyib.

Məlumdur ki, “Azərbaycan İnternational Mayning Kompani Limited” şirkəti Gədəbəy rayonu ərazisində iki tullantıxana inşa edib, onlardan biri də Söyüdlü kəndi ərazisindədir. Hətta birinci tullantıxananın yerləşdiyi torpaq sahəsinə sənəd olmadığı halda, 2012-ci ilin mayında Gədəbəy rayon məhkəməsi şirkətin müraciəti əsasında Söyüdlü bələdiyyəsinin 70 hektar kənd təsərrüfatı təyinatlı örüş torpağının onun istifadəsinə verilməsi barədə qərar çıxarıb. Həmin saxta qərar heç dövlət orqanlarına belə göndərilməyib.

Məsələnin maraqlı tərəflərindən biri də zəhərli sianid  turşusunun istifadəsi ilə bağlıdır. Qeyd edilməlidir ki, qanunvericiliyə əsasən, zəhərli maddə olduğundan onun istehsal prosesində istifadəsinə  razılıq Səhiyyə Nazirliyinin rəyi alınmaqla Daxili İşlər Nazirliyi tərəfindən verilir. Amma DİN-dən belə bir razılıq alınmayıb. Onun ölkəyə gətirilməsi üçün Nazirlər Kabinetinin sərəncamı tələb olunsa da, belə bir sənəd olmayıb. FHN isə həmin təhlükəli yüklərin daşınmasına razılıq versə də, onun əldə olunmasına icazə tələb etməyib.

Aydın olur ki, bir müddət əvvəl Söyüdlü kəndində insidentin yaranmasının əsas günahkarları bir tərəfdən dövlət qurumları, digər tərəfdən də “Azərbaycan İnternational Mayning Kompani Limited” şirkətidir. Əgər Nazirlər Kabineti, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Gədəbəy Rayon İcra Hakimiyyəti öz vəzifələrini yerinə yetirsəydilər, qanunsuz fəaliyyətə şərait yaratmasaydılar, Söyüdlü kəndinin sakinləri ayağa qalxmazdı, qarşıdurma yaranmazdı. Söz yox ki, kənd sakinlərinin davranışına, xüsusilə polisə qarşı göstərilən aqressiyaya heç vaxt bəraət qazandırmaq olmaz. Amma çarəsiz qalmış, örüş torpaqları zəbt olunan, mal-heyvan otara, əkin-biçinlə məşğul ola bilməyən, digər tərəfdən də sağlamlığına təhlükə yaranmış insanları da başa düşmək lazımdır. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, “insanlar haqlı olaraq öz etiraz səsini ucaldıblar, amma onların səsinə baxan olub? Yox! Bir gün, iki gün, üç gün, beş gün, hara baxırdı Ekologiya və Təbii Sərvətlər Nazirliyi? Bilmirdimi ki, belə problem var? Ya bilirdi gözünü yumurdu, ya da bilmirdi. Hər ikisi qəbul edilən deyil. Düzdür, vətəndaşların bir hissəsi təxribatçıların fitnəsinə uyaraq ədəbsiz hərəkətlər ediblər, qanunsuz hərəkətlər ediblər və bu da dözülməzdir, qəbuledilməzdir”.

Bəli, bir məsuliyyətsizlik digər məsuliyyətsizliyə, bir qanun pozuntusu digər qanun pozuntusuna, bir cinayət digər cinayətə yol açır. Hamı öz işini məsuliyyətlə görməlidir ki, Söyüdlü insidenti bir daha təkrarlanmasın.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ