Tanrı dağında görüşənədək! - Natəvan Babayeva ilə bağlı təsirli paylaşımlar

Ötən gün tanınmış aparıcı Natəvan Babayeva uzunsürən ağır xəstəlikdən sonra vəfat edib. Xərçəng xəstəliyindən əziyyət çəkən jurnalist son illər AzTV-nin, ondan öncə uzun illər ANS televiziyasının əsas simalarından biri olub. Onun vaxtsız vəfatı bütün media cameəsini yasa qərq edib.

Uzun illər Natəvan Babayeva ilə çiyin-çiyinə çalışmış jurnalistlər onunla bağlı xatirələrini sosial şəbəkə hesablarında paylaşıblar.

Fəaliyyətini dayandıran ANS-in vitse-prezidenti olmuş, hazırda REAL TV-yə rəhbərlik edən Mirşahin Ağayev mərhum həmkarı barədə düşüncələrini belə ifadə edib:

“Nəfəs kimi kəsildi, bacımız. Allah onu bizdən çox istədi! Darıxacağıq hamımız. Həmişə…  Ölümündən bir saat əvvəl bizə dediyi sözləri unutmayacam: “Nə xəcalət verirsiz? O boyda yolu durub gəlməyə nə ehtiyac vardı axı... ay müəllim?” 

Ağ ciyərlərinin dibində qalan son hava udumlarını Natəvan nəzakətinə, əxlaqına, kimsəyə narahatlıq verməmək xasiyyətinə sərf etdi! Əlvida, əziz Natəvan! Hamımızın doğması Natəvan! Sözün həqiqi mənasında son nəfəsədək bizimlə olan, son nəfəsini bizə verib gedən bacımız! 

Qəribədi… Mənə elə gəlir ki, bayaqdan aldığım nəfəs mənim deyil”.

ANS-də çalışmış Amil Hacıyev isə Natəvanın ilk dəfə Mirşahin Ağayevin verdiyi tapşırığı icra etmədiyini qeyd edib:

“Allahın tapşırığı qarşısında acizik. Səninlə iş yoldaşı olduq, efir yoldaşı olduq. Yol yoldaşı olub, Batumidən vurub Türkiyədən çıxdıq. Etibarsız deyildin, yoldaşın Etibara, oğlun Əşrəfə, dostlarına etibarsızlıq elədin. O dünyadakılara salam apar… Ruhun şad olsun”.

ANS-nin tanınmış simalarından olmuş, hazırda Amerikada yaşayan Qənirə Ataşova da Natəvan Babayeva ilə bağlı xatirələrini sosial şəbəkə hesabında bölüşüb:

“Natəvan çox abırlı və qürurlu adam idi. Dərdini özü çəkirdi. Problemini şoulaşdırmadı. Amma köməyə ehtiyacı var idi. AZTV-dən aldığı 1000 manatı səhhətinə xərcləyirdi. Amma hər birimiz bilirik, bu məbləğ xərcəng xəstəliyi üçün müalicədə yetərsiz idi. Onu Bakıda Toma adlı bir həkim əməliyyat etmişdi. Əməliyyatdan təxminən iki il sonra bədənində səpkilər yarandı. 7 ay həmin həkim səpkilərə allergiya deyib müalicə üçün allergologa yönəltdi. Onun getdiyi allergolog 3 dəfə Natəvana səndəki problem onkolojidir dedi. Onkoloq xanım isə Natəvana əksini dedi. Beləcə, Natəvan Türkiyəyə dünyaca tanınmış onkoloq Gül Başaranın yanına getdi. Professor ona bu səpkilər metastazdır dedi”.

Keçmiş ANS-çi, “Azərsu” ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Anar Cəbrayıllı:

“Nata, Allah sənə rəhmət eləsin! ANS-in pozitivi, barışdırıcısı. Birinin sözü o birinin boğazından keçməyəndə yekə çaşkası əlində gülə-gülə söhbətə müdaxilə edər, tərəfləri sakitləşdirərdi. Ruhun şad olsun”.

“Çox pisəm, çox. Natış, əlvida! Özümə yer tapa bilmirəm. Əziz tələbə yoldaşım, iş yoldaşım, qonşum, dostum,sirdaşım...” - bu sözləri isə sabiq ANS-çi Afət Telmanqızı öz sosial şəbəkə hesabında yazıb.

Türkiyədə yaşayan Fidan Quliyeva uzun müddət iş yoldaşı olmuş Natəvan Babayevanın vəfatından sarsıldığını söyləyib:

“Dünən bu saatlarda hava limanında idik. Səni yola salırdım Bakıya: övladının, ailənin, səni sevdiklərinin yanına. Əslində, iyulun 27-də Bakıya bərabər getməli idik, amma qəfil halı pisləşdi. Həkim məni otağına çağırdı və həyatımda ən ağır sözləri eşitdim: “Son günlərini, bəlkə də, saatlarını yaşayır. Dostunuzu ailəsinin yanına göndərin. Son. Yer ayağımın altından getdi sanki. Boğularaq otaqdan çıxdım. Yorğun, ağrılı, halsız gözləri mənim üzümə, hər cizgimə diqqətlə baxırdı. Mən heç nə olmamış kimi, “Natəvan, bir həkim Bakıya uçur, səni onun nəzarətində Bakıya göndərək” dedim. Yanında zəng edib bilet aldım və sən demə, son 2 bilet imiş. Natəvan mənə dedi: “Bu, lap nağıl kimi oldu. Həkim, son biletlər, qan köçürülür mənə… Bu nə deməkdi, Fidan?” Dedim, səni Allah çox sevir, Natəvan, yolunu açır, gedəsən, uşağını görəsən. Bütün dərmanları buradan göndərəcəyik. Həmişə olduğu kimi.

Gözləri parıldadı, sevinirdi. Bu necə oldu belə? Qəfil Bakıya gedirəm… Qan vuruldu, sistemlər, dərmanlar hesabına Natəvan bir az özünə gəldi, amma bilirdim, o da bilirdi ki, müvəqqətidir… Elə deyirdi, Fidan, bunu niyə mənə edirsiniz? O qədər alışmışdı ki, həmişə çətinliklərlə mübarizə aparıb… Pərvanə Sabirqızı yanımızda idi… “Bəzi şeylər qarşılıqsız olur” dedi. 

Hava limanına gəldik və mən onu sonuncu dəfə yola saldım. Qucaqlaya bilmirdim, o qədər zəif idi… Xəstəlikdən bir dəri, bir sümük qalan çiyninə, əlinə toxunub bərk-bərk tutdum. Özümdən aslı olmayaraq, bəlkə də, onu incitdim o vaxt… Mən bilirdim ki, onu bir daha görməyəcəm… Gözümün içinə baxdı… Vidalaşdıq… “Qorxmuram, narahat olma. Çatanda yazacağam sənə” dedi. 

İndi mən sənə yazıram, Natəvan…”

Xatirələrimiz, şəkillərimiz, video, səsli mesajlarımız o qədər çoxdur ki… Amma sən yoxsan… Getdin. Mən də sənin üçün qorxmuram amma… Bilirəm, məkanın cənnətdir. Gözəl, ürkək ürəkli dostum…

Jurnalist Ləman Ələşrəfqızının paylaşımını olduğu kimi təqdim edirik:

“Salam Natış. Necəsən?

Təəccüblə üzümə baxdı. Səsim tanış gəldi, ya üzüm, bilmədim. Heç nə demədi. Ona qulluq edən başıörtülü xanıma narazı səslə dedi: -Çağırın da tibb bacısını...

Qadın məni işarə edərək soruşdu:

- Xanımı çölə çıxardım?

Əli ilə "yox" işarəsi etdi.

- Tibb bacısını çağırın, axı mən gecə heç nəfəs ala bilməyəcəm.

- Natış....

Mənə sıfır reaksiya... Amma danışır, qıvrılır, nəfəsi gedir, can çəkişir. Palatadan çıxdım. Hönkürə-hönkürə. Kimsə mənə kiçik əl dəsmalını verdi. Alın, təmizdir-dedi. Göz yaşlarımı silə-silə dəsmalın ayrılıq olduğunu xatırladım.

Əlvida, Natəvan. Tanrı dağında görüşənədək.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ