“Küçə uşaqları çox azdır, valideyn diqqətindən yayınaraq küçələrdə qalan uşaqlar var. Bu, çox ağrılı mövzudur”.
“Qafqazinfo” xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova 2023-cü ilin ilk 6 aylıq fəaliyyətinə həsr olunmuş brifinqdə deyib.
O bildirib ki, heç kimi məcbur etmək olmaz, amma biz əlimizdən gələni edirik: “Azərbaycanda 2022-ci ildə küçə uşağı kimi qeyd edilən uşaqların sayı cəmi 3-dür. 2021-ci ildə isə bu rəqəm 19 olub. Bu rəqəm belə bizi üzür. Amma dünya ölkələri ilə müqayisədə bizdə vəziyyət yaxşıdır. Küçələrdə olan uşaqlar müxtəlif kateqoriyalar üzrə o vəziyyətdədir. Düşünürəm ki, onlar üçün reabilitasiya proqramı hazırlanmalıdır. Burada ən qabaqcıl ölkələrin təcrübəsini tətbiq edirik. Dövlət olaraq həmin uşaqlara təhsil hüququ, sığınacağa yerləşdirilməsi təklif edilsə də, onlar bundan imtina edirlər. Biz onları məcbur edə bilmərik.
Sizə deyim ki, təkcə uşaqlar yox, ali təhsilli, bir çox dil bilən insanlar da küçə həyatını seçir. Bunun səbəbi bizə məlum deyil. Amma bu yalnız bizdə deyil, başqa ölkələrdə də eynidir. Düşünürəm ki, bu və ya digər formada həmin uşaqların gələcəyini xilas etmək üçün görülən tədbirlər daha da artırılacaq”.