Ötən gün mayın 8-də ABŞ prezidenti Donald Tramp İrana qarşı yeni sanksiyaları nəzərdə tutan fərman imzalayıb.
Buta.media-nın məlumatına görə, Virtualaz.org xəbər verir ki, bu fərmana əsasən İranın metallurgiya sənayesinə sanksiyalar tətbiq edilir. Sanksiyalar həm İranın metallurgiya şirkətlərinə, həm bu ölkədən metal idxal edən xarici şirkətlərə aiddir.
Fərmana əsasən əgər 90 gün ərzində xarici şirkətlər İranın metallurgiya şirkətləri ilə ticarət əlaqələrini və digər işgüzar münasibətləri dayandırmasalar onlar ABŞ-ın sanksiyaları altına düşəcəklər. Belə şirkətlərin aktivlərinin ABŞ Maliyyə Nazirliyi tərəfindən dondurulması, onların bank əməliyyatlarına qadağa qoyulması nəzərdə tutulur.
Prezident Donald Trampın Ağ evin saytında dərc edilmiş bəyanatında bildirilir ki, yeni iqtisadi sanksiyalar İranı ixrac gəlirlərinin 10 faizindən məhrum edir. Bəyanata əsasən sanksiyalar İranın polad, mis və aliminium istehsalçılarına qarşı tətbiq edilir. Və İrandan polad, mis və aliminium alınmasına qadağa qoyulur.
“Bu addım İranı neftlə bağlı olmayan ən iri ixrac gəlirlərindən məhrum etməlidir. Biz İrana qarşı heç vaxt görünməmiş ən güclü və maksimal təzyiq kampaniyasını uğurla davam etdiririk”-Tramp bəyan edib.
Xatırladaq ki, mayın 4-dən etibarən ABŞ İrandan neft ixracına tamamilə qadağa qoyub. Buna cavab olaraq Tehran bəyan edib ki, öz neftini “qara bazarda” satmaq üçün tədbirlər görəcək.
Metallurgiya isə İranın neftlə əlaqəli olmayan əsas ixrac gəlir mənbəyi hesab edilirdi. Ötən ildən etibarən ABŞ-ın İrandan neft idxalına məhdudiyyətlər tətbiq etməsi Tehranı məcbur etmişdi ki, metallurgiya şirkətlərinə dempinq tətbiq etsin və onlara ciddi ixrac güzəştləri versin. Nəticədə ucuz İran armaturları sürətlə Azərbaycan, Gürcüstan, Türkiyə kimi qonşu ölkələrin bazarlarını doldurmuşdu. Nəticədə yerli istehsalçılar ciddi ziyan çəkməyə başlamışdı.
Üstəlik həmin armaturların keyfiyyəti ilə bağlı ciddi şübhələr mövcud idi və virtualaz.org bu mövzuda araşdırmalar aparmışdı. Nəticədə FHN tikinti şirkətlərinə təlimat vermişdi ki, İran armaturlarının çoxmərtəbəli binaların inşasında istifadəsindən çəkinsinlər.
İndi isə İrandan armatur idxal edən Azərbaycan şirkətləri həm də ABŞ-ın sanksiyalarının təsiri altına düşmək riski ilə üzləşəcəklər.