Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurası Məhərrəm ayının başlanması ilə əlaqədar müraciət yayıb.
Müraciətdə bildirilir ki, AMEA Şamaxı Astrofizika Rəsədxanasının rəsmi hesablamalarına görə, Hicri-qəməri təqvimi ilə 1444-cü il başa çatır, yeni 1445-ci ilin başlanğıcı – Məhərrəm ayının 1-i Miladi təqvimlə 2023-cü il iyulun 19-na, Aşura günü isə iyulun 28-nə təsadüf edir.
“Qazılar Şurası olaraq dindarlarımıza xatırlatmaq istərdik ki, məhərrəmlik mərasimləri zamanı müxtəlif alətlərlə bədənə xəsarət yetirmək, qan çıxarmaq, qurşağadək soyunaraq sinə vurmaq və s. dinimizə görə qəbuledilməzdir. Həmçinin QMİ Qazılar Şurası yerlərdəki nümayəndələrinin nəzərinə çatdırır ki, AR “Dini etiqad azadlığı haqqında” Dövlət Qanununun müddəalarına riayət edərək dini mərasimləri məscid, ziyarətgah və onlara aid ərazilərdə keçirsinlər.
Azərbaycan qanunlarına əsasən, təziyə mərasimləri zamanı milli-mənəvi dəyərlərimizə və dövlətçilik ənənələrimizə xələl gətirən şüarların səsləndirilməsi, dövlət simvollarına uyğun olmayan atributların istifadəsi, küçə yürüşləri və ictimai asayişin pozulması icazəli deyildir. Özəlliklə, son zamanlar koronavirusun yenilənmə təhlükəsini nəzərə alaraq məhərrəmlik ayının ayinləri tibbi-profilaktik qaydalara uyğun olmalıdır. Qeyd olunan tövsiyələrin bölgələrdəki din xadimlərinin dindarlara çatdırması vacibdir, qazılar və səlahiyyətli nümayəndələr öz bölgə məscidlərində görülən tədbirlər barədə tam hesabatlarını QMİ-yə təqdim etməlidirlər”, - məlumatda qeyd edilib.