Abşeronda üç dəqiqə ərzində iki dəfə qayda pozan “Toyota Prius” markalı avtomobilin sürücüsü barəsində protokol tərtib edilib.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq, Baş Dövlət Yol Polisi İdarəsinin inspektoru, polis leytenantı Elvin Hacıyev məlumat verib.
O bildirib ki, sosial şəbəkələrdə yayılan görüntülər tərəfimizdən araşdırılıb:
“Yol hərəkəti qaydalarını pozaraq digər hərəkət iştirakçılarına qəza şəraiti yaradan “Toyota Prius” markalı 01-CF-350 dövlət nömrə nişanlı avtomobilin sürücüsü DYP əməkdaşları tərəfindən müəyyən olunub. Sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin (İXM) 327.1 maddəsi ilə (əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulması) protokol tərtib edilib. Protokola əsasən sürücüyə 40 AZN cərimə tətbiq olunub”.
Qeyd edək ki, bir neçə gün öncə axşam saatlarında çəkilən kadrlardan aydın görünür ki, 01-CF-350 dövlət nömrə nişanlı, “Toyota Prius” markalı avtomobilin sürücüsü Masazır dairəsində bir neçə dəfə qayda pozuntusuna yol verib.