Bakıda yol polisi ilə sürücü arasında maraqlı insident baş verib.
“Qafqazinfo” xəbər verir ki, hadisə iyulun 9-na keçən gecə Nizami rayonu ərazisində qeydə alınıb.
Belə ki, saat 23:00 radələrində H.Əliyev prospektində xidmət aparan Nizami RPİ-nin DYP şöbəsinin əməkdaşı dövlət qeydiyyat nişanı olmayan motosikletə “saxla” işarəsi verib. Lakin motosiklet sürücüsü işarənin tələbinə əməl etmədən sürərək uzaqlaşmağa başlayıb.
Bundan sonra DYP-nin inspektoru polis baş serjantı S.A. həmin motosikleti təqib etməyə başlayıb. Motosikletçi isə restoranlardan birinin qarşısında saxlayaraq sürətlə içəri daxil olub və restoranın tualetinə daxil olaraq qapını arxadan bağlayıb. DYP əməkdaşının və restorandakıların tələbinə baxmayaraq o, qapını açmayıb. Hadisə yerinə post-patrul xidmətinin əməkdaşları cəlb edildikdən sonra onu tualetdən çıxarmaq mümkün olub. Saxlanılan şəxs ərazi üzrə 23-cü Polis Bölməsinə aparılıb və barəsində İnzibati Xətalar Məcəlləsinin 535-ci (Polisin qanuni tələbinə qəsdən əməl etməmə) maddəsi ilə inzibati protokol tərtib edilib.
Saxlanılan şəxs daha sonra protokolla birgə Nizami Rayon Məhkəməsinə göndərilib. O, məhkəmədəki ifadəsində peşman olduğunu bildirib:
“Mən kuryerəm, verilmiş sifarişi çatdırırdım. Motosikletimin dövlət qeydiyyat nişanı yoxdur. Əvvəlcə polisin “saxla” işarəsini görmədim, bunda sonra polis məni təqib edərkən motosikleti dayandırmadan restoranın ərazisinə daxil oldum. Polisdən qorxduğuma görə onlara qarşı tabesizlik etmişəm, lakin əməlimdən peşmanam”.
Saxlanılan 29 yaşlı A.R. əlavə edib ki, himayəsində 1 və 2 yaş olmaqla iki övladı var və müharibə iştirakçısıdır:
“Xüsusi təyinatlı qüvvələrdə altı il xidmət etmişəm. Prezident tərəfindən müxtəlif medallarla təltif edilmişəm. Buna görə də işin icraatına xitam verilməsini məhkəmədən xahiş edirəm”.
İfadə verən DYP əməkdaşı isə indiyədək olan təcrübəsində belə hadisənin olmadığını deyib və əlavə polis əməkdaşlarının gəlməsindən sonra müqavimət göstərən şəxsin saxlanıldığını bildirib.
Nizami Rayon Məhkəməsinə daxil olmuş protokola hakim Qumru Əliyeva baxıb. Məhkəmənin qərarı ilə saxlanılan şəxs 150 manat cərimə edilib və o, məhkəmə zalından sərbəst buraxılıb.